Makronun növbəti iflası - Qəzza vurulanda susdu, indi “İsrailə silah verməyin” deyir...
Əli Orucov: “Bu, daha çox Fransanın Livan maraqları ilə bağlıdır”
Fransa Prezidenti Emmanuel Makron İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlar üçün istifadə etdiyi silahların bu ölkəyə tədarükünü dayandırmağa çağırıb.
“Düşünürəm ki, bu gün əsas prioritet siyasi həll yoluna qayıtmaq və Qəzzada döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silahların tədarükünü dayandırmaqdır. Fransa İsraili bu silahlarla təmin etmir” – dövlət başçısı vurğulayıb.
Fransa prezidentinin sözlərinə görə, indi əsas vəzifə eskalasiyanın qarşısını almaqdır.
“Livan yeni Qəzzaya çevrilməməlidir. Baş nazir Netanyahu başqa bir seçim etdiyinə görə təəssüf edirəm. Livan torpaqlarında quru əməliyyatlarının məsuliyyəti İsrailin üzərinə düşür”, - Makron əlavə edib.
Bir sözlə, Makron hesab edir ki, İsrailə silah satışı nəzarətə götürülməlidir.
Təbii ki, İsrailin törətdikləri müharibə cinayətləridir. Ancaq nədənsə, Makron İsrail Qəzzada hərbi əməliyyatlar aparanda belə bir çağırışla çıxış etmədi. Halbuki, Qəzzada baş verənlər miqyasına görə daha böyük fəlakət idi. Qəzzada 42 mindən çox fələstinli öldürülüb. Nə əcəb Makron Livana hücum başlayanda İsrailə silah satışı məhdudiyyətinin qoyulması ilə bağlı belə bir məsələ qaldırır? Halbuki, bunu Qəzzada aparılan əməliyyatlar zamanı da edə bilərdi, amma etmədi.
“Makron üçün müsəlman əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin bir əhəmiyyəti yoxdur”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Bu, daha çox Fransanın Livan maraqları ilə bağlıdır. Məsələ ondadır ki, Birinci Dünya müharibəsindən sonra Livan Fransanın nüfuz dairəsində olub. 1920-ci ildən Livan Fransanın mandatı altında olan ərazisi olub. 1943-cü ildə Livan müstəqil Respublikası yarandığı vaxtdan müsəlman və xristian icması liderləri arasında saziş imzalandı. Bu sazişə əsasən, prezident xristian maqonitlər arasından seçilir. Baş nazir yalnız sünni müsəlman, parlamentin sədri isə şiə müsəlman olmalıdır. 31 dekabr 1946-cı ildə Fransa hərbi qüvvələrinin Livanın ərazisindən tamamilə çıxarılması başa çatıb. Ona görə də Livan Fransa üçün xüsusi əhəmiyyət kəsb edir. Qəzza isə 1947-ci ilə qədər İngillərənin müstəmləkəsi olub. Makron üçün müsəlman əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin bir əhəmiyyəti yoxdur. Makron Fransanın Livandakı maraqlarına görə belə canfəşanlıq edir. Çünki müharibə Fransanın Livanda iqtisadi maraqlarına zərbə vurur. İsrail şiələri təmsil edən HİZBULLAH-ı hədəf alsa da, müharibə üzündən oradakı xristian əhali də zərər görür. Həm də Livanda kompakt erməni icması yaşadığı üçün Makron belə bir çağırış edir. Bu səbəblərdən Makron Qəzzadakı qırğını görməzdən gəldiyi halda, Livanda aparılan hərbi əməliyyatlara fərqli müstəvidən yanaşır”.
Vidadi ORDAHALLI