Ermənistan "təhlükəli oyunlarına" görə növbəti xəbərdarlıq aldı...
Tural İsmayılov: “Ermənistanın niyyəti sülhün sabotaj olunması, Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətə yönəlib”
“Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın”. Bu fikri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə dilə gətirib.
Dövlət başçısı, həmçinin vurğulayıb: “Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.
İ.Əliyev çıxışında vurğuladı ki, Ermənistan bu gün təhlükəli oyunlara qoşulub.
Görəsən, Ermənistanın bu gün oynadığı təhlükəli oyunların mahiyyəti nədən ibarətdir? Ölkə başçısı İ.Əliyev Ermənistanın oyunlarını niyə təhlükəli oyun adlandırıb?
“Ermənistan çalışır ki, COP29 ərəfəsində Azərbaycan əleyhinə dezinformasiya və feyk xəbərlər yaysın”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Ermənistan kütləvi şəkildə Qərb tərəfindən silahlandırılır. Xüsusilə Fransa və Amerika Birləşmiş Ştatları Ermənistanı silahlandırmaqla bölgəyə çox böyük gərginliklər vəd edir: “Prezident İlham Əliyev Cəbrayıl şəhərində olarkən bildirdi ki, Ermənistanın sülhlə bağlı fikirləri reallığı əks etdirmir. Ermənistan bu gün sülhdən danışsa da realda əməlləri tam fərqlidir. Ermənistanın niyyəti sülhün sabotaj olunması, Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətə yönəlib. Ermənistanın oynadığı təhlükəli oyunların mahiyyəti ondan ibarətdir ki, COP29 ərəfəsində təxribatlar törətsin və Azərbaycan da həmin təxribatlara görə bu ölkəyə cavab verməli olacaq. Belə olan halda gərginlik pik həddə çatacaq. Ermənistan çalışır ki,COP29 ərəfəsində Azərbaycan əleyhinə dezinformasiya və feyk xəbərlər yaysın. Buna görə də Ermənistan çox təhlükəli oyunlar, manevrlər edir. Bununla da Ermənistan Azərbaycan ətrafında fon yaratmaq istəyir. Bu baxımdan ölkə başçısı İlham Əliyev Ermənistanın oyunlarını kifayət qədər təhlükəli hesab edir".
Günel CƏLİLOVA