Xaricdə mərkəzi bankların valyutası artanda kredit faizi düşür, Azərbaycanda tərsinədir...
Vüqar Bayramov: “Valyuta ehtiyatları ilə kredit faizləri arasında birbaşa əlaqə yoxdur”
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon dollar təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 1 faiz çoxdur. Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 18 faiz, son 1 ildə isə 33,2 faiz artıb.
Burada diqqəti çəkən və təəccüb doğuran məqam odur ki, adətən dünya ölkələrində mərkəzi bankların valyuta ehtiyatları artırsa, bu həmin ölkələrdə kredit faizlərinin ucuzlaşmasına birbaşa təsir edir. Yəni mərkəzi banklar bununla əlaqədar yerli banklara kredit vermək üçün daha çox vəsait ayıra bilir. Bankların ucuz kredit resurslarına çıxış imkanı olur. Bu da son nəticədə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarır.
Azərbaycanda MB-nin valyuta ehtiyatları az da olsa, çox da olsa kredit faizləri ucuzlaşmır. Niyə? Halbuki, bir il ərzində ehtiyatlar 33 faizdən çox artıb.
“Mərkəzi Bank tərəfindən kredit faizlərinin azaldılması ilə bağlı liberal iqtisadiyyat qanunları çərçivəsində...”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Mərkəzi Bankın valyuta ehtiyatlarının artması birbaşa valyuta bazarında MB-nin iştirakı ilə bağlıdır. Çünki Mərkəzi Bank Dövlət Neft Fondu tərəfindən satışa çıxarılan valyutaların bir hissəsini əgər tələb yaranmadığı halda və yaxud da az tələb yarandığı halda praktik olaraq alır. Bu minvalla valyuta ehtiyatlarını artırmağa çalışır. Ona görə də Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, onun birbaşa valyuta hərraclarında iştirakı ilə bağlı məsələdir. Ancaq təbii ki, kredit faizlərinin aşağı salınması məsələsi vacibdir. Düzdür, valyuta ehtiyatları ilə kredit faizləri arasında birbaşa əlaqə yoxdur. Bu, Mərkəzi Bank üçün valyuta bazarına intervensiya baxımından vacibdir. Ancaq məsələ ondadır ki, kredit faizlərinə təsir göstərən depozit faizlərində də azalmalar var. Digər istiqamətlərdə bankların cəlb etdikləri vəsaitlərin xərcinin azalmasını müşahidə edirik. Bu baxımdan da təbii ki, Mərkəzi Bank tərəfindən kredit faizlərinin azaldılması ilə bağlı liberal iqtisadiyyat qanunları çərçivəsində tənzimləmələrin həyata keçirilməsinə ehtiyac var. Ümumilikdə, bu istiqamətdə banklarla kommunikasiyanın daha da gücləndirilməsinə ehtiyac var. Belə olarsa, o zaman 2024-cü ildə kredit faizlərinin aşağı düşmə ehtimalı var”.
Vidadi ORDAHALLI