"Britaniya XİN başçısının Azərbaycanın ərazilərini azad etdiyini söyləməsi həqiqətdir" - Azərbaycan səfiri
COP29 öncəsi Azərbaycana qarşı səsləndirilən əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "The Telegraph" qəzetində geniş məqaləsi dərc olunub. Məqalədə qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilk dəfə olaraq regionumuzda iqlim fəaliyyəti ilə əlaqədar belə mötəbər tədbirin keçirilməsi deməkdir.
Bəziləri COP-a icraatdan daha çox müzakirə platforması kimi yanaşsa da, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları, kiçik ada dövlətləri ilə bağlı məsələlərin həlli və ümumilikdə bəşəriyyətin gələcəyi naminə praktiki mexanizmlərin yaradılmasına nail olmaqda israrlıdır. COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən biri də Olimpiya Oyunlarında olduğu kimi Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal çağırış həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv danışıqların nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.
Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa edib.
“Azərbaycanı tənqid edənlərə xatırlatmaq lazımdır ki, torpaqlarımızı otuz il işğal altında saxlayan və azərbaycanlılara qarşı etnik təmizləmə törədən məhz Ermənistan olub və bu fakt beynəlxalq sənədlərlə də təsdiqini tapıb. Britaniya xarici işlər naziri Deyvid Ləminin Azərbaycan ərazilərini işğaldan azad edib söyləməsi ətrafında mediada ajiotaj yaradılsa da bu həqiqətdir ki, Azərbaycan öz torpaqlarını xarici istiladan azad edib. Bu sadə və doğru faktı səsləndirdiyinə görə Deyvid Ləmini tənqid edənlərin aydındır ki, başqa maraqları var”, - diplomat bildirib.
Mətləb