Polis sıraları beləsindən qurtulur - hamı birinə görə məsul deyil...
Şəmsəddin Əliyev: “Bu, polis əməkdaşına çox ağır bir tənbeh növüdür”
Sosial şəbəkələrdə Qəbələdə polisin ona daş atan sakinləri döyməsi ilə bağlı videolar yayılıb. Çox maraqlıdır ki, bəzi dairələr bundan istifadə edib bütün polisin şəxsi heyətinə, onun rəhbərliyinə irad bildirir, hətta təhqir edirlər.
DİN hadisəni pisləyib və həmin qanunsuzluğu edən polisi işdən çıxarıb. Bir polusin əməli bütün DİN heyətini gözdən salmaq üçün əsas sayıla bilərmi?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tam səmimi olaraq, təqaüddə olan polis zabiti kimi onun özü də həmin polis əməkdaşının bostanına bir daş atıb: “Əslində, burda polisin günahı nə qədərdisə, onu ictimailəşdirən sosial şəbəkələrin günahı da bir o qədər çoxdur. Kifayət qədər cinayətkarlarla mübarizə aparan qüvvələrə qarşı bu şəkildə “səlib yürüşünə” başlamaq polis əməkdaşlarına qarşı təhqirdən başqa bir şey deyil. Çox təəssüflər olsun ki, polisdən cəmiyyətə bəlli bir müsbət hal gördükdə, insanlar onu rəğbətləndirmək istiqamətində addım atmırlar. Amma bir balaca həddini aşan kimi, polisə qarşı təhqir yağdıran, onun missiyasına, şərəfli xidmətinə kölgə salanların, ictimai rəydə polisin nüfuzunu aşağı edənlərin sayı artmaqda davam edir. Əslində, bunu cəmiyyətin normal halı kimi qəbul etmək olmaz. Polis hakimiyyətin spesifik bir qurumudur. Hakimiyyətin heç bir dövlət qurumuna vemədiyi səlahiyyətlərə malikdir. Heç kim unutmasın ki, ölkədə sabitliyi təmin etmək, cəmiyyətin təhlükəsizliyini qorumaq polisə həvalə olunub. Bu vəzifənin, missiyanın öhdəsindən polis məharətlə gəlir. Unutmayaq ki, Birinci Qarabağ müharibəsində də yadellilərə, ermənilərin siyasi hərbi xuntasının komandasına qarşı döyüşən Azərbaycan polisi oldu. Mən hər zaman bunu demişəm və yenə də deyirəm. Milli Qəhrəmanlar sırasında polis əməkdaşları da var. Salnamədə polisin şücaətləri həkk olunub. Amma təbii, burda bəzən düşünürlər ki, həddini aşmağa görə polisi kimsə müdafiə edəcək. Daxili İşlər Nazirliyinin rəhbərliyi hadisəyə sivil şəkildə reaksiya verdi, qısa müddət ərzində dərhal araşdırdı və polisin təqsiri sübut olundu, onu polis sırakarından azad etdi. Bu, polis əməkdaşına çox ağır bir tənbeh növüdür. Düşünürəm ki, ilk dəfə olunubsa, üzr istədib tənbeh etmək də olardı. Ancaq ictimai rəydə Daxili İşlər Nazirliyinin bu cür addımı hər kəs üçün nümunə olacaq və digər əməkdaşlara da dur deyəcək bir addımdır. Daha çox məqsəd ondan ibarətdir ki, daxili işlər orqanı əməkdaşları öz fəaliyyət istiqamətlərini həyata keçirərkən bütün hallarda - cinayətkarlıqla mübarizədə, təhlükəsizliyin təmin olunmasında, hətta dövlətə qarşı müəyyən cəhdlərdə belə insan hüquq və azadlıqları proritet təşkil edir. Azərbaycan polisinin bu gün ictimai yerlərdə asayişin təmin olunmasında etdiyi hərəkətləri Avropanın inkişaf etmiş ölkələri ilə də müqayisə etmək olmaz. Kifayət qədər korrektli və qəlibə salınmış olsa da, cinayətkarlıqla mübarizədə qəlibə salınmaq cinayətkar aləm üçün arzuolunandır. Mən düşünürəm ki, Daxili İşlər Nazirliyinin bu hərəkəti tamamilə doğrudur, ictimai rəyə və insan hüquq və azadlıqlarına köklənən bir addımdır. Amma polisin böyük bir şəxsi heyəti olan qurumun ünvanına o şəkildə davranılmasını şəxsi heyətə qarşı təhqir kimi dəyərləndirirəm. İnsanlar, cəmiyyət, ictimaiyyət bundan çəkinsə yaxşıdır. Bu, həmçinin, polis və cəmiyyət arasında münasibətlərin normal məcrada inkişafına da ziyan gətirə bilər. Amma qarşı tərəf, cinayətkar aləm bu fürsətdən istifadə edib, öz niyyətləri üçün yararlana bilər”.
Məhəmmədəli QƏRİBLİ