"Ermənilər əksər mina-tələləri sadə vətəndaşlara qarşı qurub" - ANAMA
Azad olunmuş ərazilərdə 147 min 988 hektar sahə minalarla və partlamamış hərbi sursatlarla yüksək səviyyədə, 675 min 570 hektar sahə isə orta səviyyədə çirklənib. Tapılan partlayıcı qurğular arasında 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da var. Bunlar da qanunsuz erməni birləşmələri tərəfindən ərazimizə daşınıb.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.
"Yaşayış məntəqələri, həmçinin, sökülərək daşınıb. Ərazilərimizdə minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan da istifadə olunub. Əksər tələlər isə sadə vətəndaşlara qarşı qurulub", - o qeyd edib.