Zelenski İsrailin Qəzzaya hücumlarını Ukrayna üçün təhlükə adlandırdı – müttəfiqlərimizin diqqəti yayınır...
Ukrayna prezidenti Vladimir Zelenski davam edən Ukrayna-Rusiya və İsrail-Fələstin müharibəsi ilə bağlı açıqlamalar verib. Associated Press-ə (AP) danışan Zelenski Rusiya ilə müharibənin qış aylarında “yeni mərhələyə” girəcəyini deyib. Zelenski bu vəziyyətin təkcə cəbhəyə deyil, mülki əhaliyə və hətta taxıl ixracına da təsir edəcəyini bildirib.
Rusiya ordusuna qarşı son hücumların gözlənilən nəticəni vermədiyini deyən Zelenski bildirib ki, bunun əsas səbəbi Ukraynanın müttəfiqlərindən gözlədiyi silahları ala bilməməsidir.
Rusiyanın yenidən intensiv hava hücumlarına başlayacağını təxmin edən Zelenski müdafiəni qorumaqla yanaşı, mülki əraziləri də müdafiə etməyin qış əməliyyatını xüsusilə çətinləşdirəcəyini bildirib.
İsrailin Qəzzaya hücumlarına toxunan Zelenski deyib ki, bu hücumlar kritik bir zamanda diqqəti Ukraynadakı münaqişədən yayındırmaq üçün təhlükədir. "Burada müharibə tammiqyaslı, mürəkkəb, böyük və qlobal xarakter daşıyır. Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük müharibədir. Ona görə də müttəfiqlərimizin diqqətinin yayındırılmasının hansı çətinliklərə səbəb ola biləcəyini anlayırıq", - Zelenski deyib.
Ukraynanın xarici mənbələrdən asılı olmaq əvəzinə yerli silah istehsalını artırmaq istədiyini vurğulayan Zelenski, Qərb müttəfiqlərinin Ukraynaya öz silahlarını istehsal etmək və təmir etmək üçün lisenziya verəcəklərinə ümid etdiyini bildirib.
TAHİR