Blinkenin Əliyevə zəngi - ABŞ Azərbaycan siyasətində nələri dəyişəcək?..
Ramil Hüseynov: “Çox güman ki, Vaşinqton tərəflər arasında vasitəçi olmağa çalışacaq”
Məlum olduğu kimi, ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bütün bu deyilənlərlə yanaşı, Blinkenin zəngindən sonra ABŞ Azərbaycana münasibətdə, Azərbaycan-Ermənistan normallaşmasına yanaşmada öz siyasətində nələri dəyişməlidir və dəyişəcək?
“Rəsmi səviyyədə qarşılıqlı təmaslar gücləndirilməlidir və Vaşinqton bu istiqamətdə təşəbbüslə çıxış etməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, ABŞ 19 sentyabr antiterror əməliyyatlarından sonra Azərbaycana münasibətdə çox yanlış mövqe sərgilədi. Düzdür, zaman-zaman Konqresdə Azərbaycana yönəlik qərəzli qərarlar qəbul olunub, aqressiv çağırışlar səslənib. Ancaq bu, ABŞ-ın ölkəmizə münasibətdə rəsmi dövlət siyasətinə o qədər də təsir etməyib. İlk dəfə olaraq Dövlət katibinin köməkçisi Ceyms O`Brayn, ondan əvvəl Yuri Kim Konqresdə müzakirələr zamanı ölkəmizə qarşı qərəzli mövqe sərgilədi. Azərbaycana ABŞ-ın dövlət yardımının qadağan edilməsi məsələsini qaldırdı. O cümlədən, qarşılıqlı rəsmi səfərlərin məhdudlaşdırılması tələbi ilə çıxış etdi. Guya Azərbaycan zor gücü ilə etnik erməniləri Qarabağdan çıxarıb, orda etnik təmizləmə siyasəti aparıb. Halbuki, onlar öz xoşu ilə oranı tərk ediblər. Hesab edirəm ki, Blinkenin zəngindən sonra ABŞ Azərbaycana münasibətdə bu ədalətsiz yanaşmaya son qoymalıdır. Rəsmi səviyyədə qarşılıqlı təmaslar gücləndirilməlidir və Vaşinqton bu istiqamətdə təşəbbüslə çıxış etməlidir. Ən azından ona görə ki, Azərbaycansız ABŞ Cənubi Qafqazda möhkəmlənə bilməz. Orta Asiya ilə səmərəli tranzit əlaqəsi qurmaq mümkünsüzdür. Digər tərəfdən, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində tərəfsiz olmalıdır, beynəlxalq hüquqa söykənməlidir. Ən başlıcası, Fransanın yolu ilə getməməlidir. Bu yöndə gözləntilərimiz var və ABŞ bunu praktik fəaliyyətdə sübut etməlidir. Yalnız o halda ABŞ-a etimad göstərilməsi mümkün olacaq. Çox güman ki, Vaşinqton tərəflər arasında vasitəçi olmağa çalışacaq. Azərbaycan və Ermənistan arasında ABŞ-da danışıqlar təşkil oluna bilər”.
Vidadi ORDAHALLI