Erməni iqtidarı Qarabağ ritorikasından tam imtina etdi - Qarabağın anneksiya qərarları nə vaxt qüvvədən salınacaq...
Qulamhüseyn Əlibəyli: “Nədənsə Paşinyan, onun komanda üzvləri qərarın qanunsuz olmasına heç toxunmurlar”
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qarabağdakı keçmiş qondarma qurumun strukturlarının saxlanılmasına qarşı çıxıb: “Qarabağın dövlət qurumları nə üçün lazımdır? Ermənistan Respublikası var və onun da dövlət institutları fəaliyyət göstərir. Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qoruyur”.
V.Xaçaturyan bildirib ki, Ermənistan hələ 1991-ci ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
O cümlədən, Ermənistan parlament sədri Alen Simonyan da bəyan edib ki, bu gün Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi ilə bağlı problemi yoxdur: “Qarabağ məsələsi həll olunubmu nə deməkdir? Qarabağ məsələsinin həllinin və ya həll edilməməsinin mahiyyəti nədir? Ermənistanda hazırda belə bir məsələ yoxdur”.
Ümumən, Ermənistan rəsmilərinin Qarabağla bağlı belə mövqe sərgiləmələri müsbət haldır. Ancaq o da var ki, o vaxt Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarı var. Həmin qanunsuz qərar hələ də ləğv edilməyib. Maraqlıdır, indiki Ermənistan hakimiyyət nə zaman buna siyasi qiymət verəcək və həmin qərarı ləğv edəcək?
“Birinci növbədə Qarabağın Ermənistana birləşdirilməsinə dair qərar ləğv edilməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan rəsmilərinin bu tipli bəyanatları əslində beynəlxalq ictimaiyyəti çaşdırmaqğa xidmət edir: “Yəni digər dövlətlərin, beynəlxalq ictimaiyyətin gözündə Ermənistandan bir mələk obrazı yaratmaq məqsədi güdür. Guya Ermənistan sülh sazişi imzalamağa hazırdır, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən Azərbaycanı işğalçılıqda ittiham edir. Bu həmin Alen Simonyandır ki, bir müddət əvvəl Azərbaycanı Ermənistan kəndlərini işğal etməkdə günahlandırdı. Ona görə də erməni rəsmilərinin səmimiyyətinə inanmaq olmaz. Prinsip etibarı ilə hesab edirəm ki, belə bəyanatların verilməsi özü-özlüyündə müsbət hal kimi qiymətləndirilməlidir. Sadəcə problem ondadır ki, belə bəyanatlardan sonra praktiki olaraq hansısa addımlar atılmır. Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Guya 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, amma ondan sonra ərazilərimizi işğal etdilər və uzun illər orada qaldılar. Bəli, Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar var və hələ də o, formal hüquqi cəhətdən ləğv edilməyib. Üstəlik, həmin qərarın ləğvini heç gündəmə də gətirmirlər. Nədənsə, Paşinyan və onun komanda üzvləri o vaxt verilən bu qərarın qanunsuz olmasına heç toxunmurlar. Bütün bunlar onu göstərir ki, erməni rəsmilərinin sözləri ilə əməlləri bir-birini tutmur. Əgər normal münasibətlərin qurulmasını, sülh sazişinin imzalanmasını istəyirlərsə, o zaman birinci növbədə Qarabağın Ermənistana birləşdirilməsinə dair qərar ləğv edilməlidir. İşğal altında olan 8 kənd geri qaytarılmalıdır. Orada təhlükəsizlik məsələsi həllini tapmalıdır. Noyabrın 30-da delimitasiya ilə bağlı sərhəddə keçiriləcək görüş səmərəli olmalıdır. Yoxsa pafoslu bəyanatlarla uzağa getmək olmaz. Hələ ki, Azərbaycan tərəfi səbr edir, amma bu sonsuz deyil. Əgər 8 kənd qaytarılmasa, güc yolu ilə həmin ərazilər qaytarılmalıdır”.
Vidadi ORDAHALLI