Gürcüstanın separatçı bölgə "lideri" Azərbaycana düşmən olduğunu göstərdi...
Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyanın qondarma "prezidenti" Alan Qaqloyev Paşinyana cavab verib. Paşinyan Gürcüstanın ərazi bütövlüyünü tam dəstəklədiyini demişdi. Onun fikri Qaqloyevə xoş gəlməyib. Axı bir vaxtlar Dağlıq Qarabağ Azərbaycandan “ayrıldığı” kimi, Qaqloyev də Cənubi Osetiyanı Gürcüstandan ayıraraq "dövlət" elan edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Qaqloyevin Paşinyana cavabı əslində Qarabağda tam söndürülmüş separatizmi yenidən qızışdırmaq, təşviq etmək cəhdidir. Alan deyir ki, Paşinyan Qarabağa xəyanət etdi. Demək istəyir ki, Qarabağda separatçı mübarizə bu günədək davam etdirilməli idi, onlar da osetinlər kimi qondarma "dövlətçilik oyunu" ilə başlarını qatmalı idilər.
Qaqloyev öz aləmində Paşinyana ağıl verir. Halbuki ağıla ən böyük ehtiyacı olan özüdür. Hələ fərqinə varmır ki, bir vaxtlar Arutunyan, Saakyan, Qukasyan da Rusiyaya güvənərək onun kimi meydan oxuyurdular. İndi Bakıda qəfəsə salınıblar.
Qaqloyevin özünün də "meydanı bitəcək", Rusiya bir gün Gürcüstanın da ərazi bütövlüyünə hörmət qoyacaq və Qaqloyevlə Ardzinba da qolu qandallı Tiflisdə cinayətkar separatçılar kimi ittiham olunacaqlar...
Tahir TAĞIYEV