Prezident İlham Əliyev Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib. Nurlanbek Şakiyev Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı qeyd edildi.
Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulandı. Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirildi.
Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin dünyanın ən gözəl guşələrindən biri olduğunu dedi. O, Azərbaycan xalqının səbirlə otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin və buna nail olmasının önəmini vurğuladı. Qonaq torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin inkişafında Prezident İlham Əliyevin liderliyinin yüksək qiymətləndirildiyini qeyd etdi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulandı.