"Avropada Azərbaycan təbii qazına böyük tələbat var" - Mixael Himler
"Almaniya ekologiyaya çox ciddi diqqət yetirən bir dövlətdir və 2045-ci ilə kimi enerji istehlakında tamam yaşıl enerjiyə keçməyi planlaşdırıb. Bu istiqamətdə atılan addımlardan biri kömürdən tamamilə imtina etmək olub. Almaniyada bütün kömür yataqlarının istismarı dayandırılıb."
Bu sözləri Almaniyanın “Uniper” şirkətinin vitse-prezidenti Mixael Himler Bakı Enerji Forumunun ikinci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, bütün bunlara baxmayaraq təbii qaza olan tələbat hələ uzun illər boyu davam edəcək.
“Almaniya yaşıl enerjiyə keçid üçün bir sıra tədbirlər görsə də təbii qaz ilə təchizatını da diqqətdə saxlayır. Avropanın bir çox dövləti, o cümlədən Almaniya Rusiya qazından imtina etdikdən sonra qitədə enerji böhranı yarandı və qiymətlər 7 dəfə artdı. Buna görə də Avropada Azərbaycan təbii qazına böyük tələbat var. Bizim şirkət 2013-cü ildə SOCAR ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından qaz almaq haqqında razılaşma imzalayıb. Almaniyada məişətdə təbii qaza hələlik çox böyük tələbat var. SOCAR ilə imzalanan müqavilə ilə biz qaz idxalımızı şaxələndiririk”, - deyə M.Himler qeyd edib.
Mətləb Salahov