"Məqsədimiz növbəti illərdə ixracımızı yüksəltməkdir" - SOCAR rəsmisi
"Qaz Avropada ən az 2050-ci ilə qədər istehsal olunacaq. 2040-cı ildə Avropada qaza olan tələbat nəzərə çarpacaq dərəcədə azalmayacaq." Bu sözləri SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun ikinci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, yaşıl enerjinin inkişafına baxmayaraq təbii qaza olan tələbat azalmır.
“Bu baxımdan biz çalışırq ki, hasilat sektorunda işləri daha da sürətləndirək. 2023-cü ilin iyul ayında biz “Abşeron” yatağında qaz hasilatının istehsalı istiqamətində işə başlamışıq, yatağın tam işlənməsi üzrə işlər aparırıq. Məqsədimiz növbəti illərdə təchizatımızı gücləndirmək və ixracımızı yüksəltməkdir. Biz getdikcə xarici investorların hasilat sektoruna marağının artdığını görürük. Əminik ki, bu maraq davamlı olacaq. Həmçinin başqa yeni layihələr də planlaşdırırıq. Biz hasilat portfelimizi inkişaf etdiririk ki, həm yerli, həm də regional tələbatı qarşılaya bilək”, - deyə Səriyyə Bünyatova vurğulayıb.
Mətləb Salahov