"Ərdoğanın dünyadakı nüfuzu bu münaqişənin həllinə kömək edəcək" - Putindən AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda "Anadolu" agentliyinin nümayəndəsinin sualını cavablandırarkən bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyadakı nüfuzu Qəzza zolağında münaqişənin həllinə kömək edəcək. V.Putin vurğulayıb ki, Fələstin probleminin həlli, ilk növbədə, BMT-nin qətnaməsində nəzərdə tutulduğu kimi – iki dövlətin yaradılması ilə mümkündür. O əlavə edib: “Bu ərazidə iki dövlət yaradın - Fələstin dövləti və yəhudi dövləti. Ona görə də əsas məsələləri həll etmədən, münaqişənin mahiyyəti üzrə həllinin çətin olacağını hesab edirəm”.
Rusiya Prezidenti Fələstin probleminin həllində Türkiyənin dövlət başçısının rolunu xüsusi qeyd edib. “Biz bilirik ki, Prezident Ərdoğan çox kəskin və uzun müddətdir davam edən bu problemi həll etmək üçün çox səy göstərir. Prezident Ərdoğanın bölgədə, dünyada və İslam dünyasındakı nüfuzunu nəzərə alsaq, onun bu məsələyə töhfəsinin olacağına çox ümid edirik. Biz də, öz növbəmizdə, İsrail dövləti ilə son onilliklərdə inkişaf etmiş münasibətlərimizi nəzərə alaraq, vəziyyəti nizama salmaq üçün Rusiyadan asılı olan hər şeyi etməyə hazırıq”, - deyə o əlavə edib.
Mətləb Salahov