Tikinti malları bazarımızda durğunluq - qiymətlər də düşür...
Nüsrət İbrahimli: “Qiymətin 2 faiz aşağı düşməsi mənzillərin satış qiymətinə təsir etməyəcək”
Son zamanlar tikinti materialları bazarında durğunluq yaşanır. Buradakı sahibkarlar alıcı qıtlığından narazılıq edir.
Onlar iddia edirlər ki, ötən illərə nisbətən tikintidə istifadə edilən bir sıra materialların qiyməti də enib. Ancaq buna baxmayaraq, yenə də alıcı yoxdur. Maraqlıdır, tikinti materialları bazarında yaranan vəziyyət evlərin satış qiymətinə təsir edəcəkmi?
“İstənilən halda qiymətlərin ucuzlaşması hər kəs üçün yaxşıdır, bu, mal və məhsulların əlçatanlığını təmin edir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tikinti materiallarında 1-2 faiz qiymət düşüb. Tikinti materialının ümumi payı tikintinin maya dəyərinin təxminən 40-45 faizini təşkil edir: “Materialların qiymətinin 1-2 faiz düşməsi 45 faizin 0,5 faizini edəcək. Maya dəyərinin satışdakı payı isə 55-56 faiz təşkil edir. Bu səbəbdən də 2 faizlik qiymətin aşağı düşməsi mənzillərin satış qiymətinə təsir etməyəcək”.
Ekspert qeyd etdi ki, torpaq sahələrinin azalması və evlərin qiymətinin qalxması tikinti şirkətlərindəki marağı azaldır. Tələbat artdıqca isə qiymətlərdə də artımlar müşahidə edilir: “Hazırda tikinti materiallarının böyük hissəsi ölkəmizdə istehsal edilir. Çoxmənzilli binalarda mülki tikintinin həcmi son 1-2 il ərzində azalıb, bu ilk növbədə tikintilərə verilən sərəncam və icazə sənədlərinin azalması ilə bağlıdır. Bakı, Abşeron və ölkənin digər böyük şəhərlərində tikinti sahəsi azaldığına görə tələbat olmur və qiymət enmələri müşahidə olunur. İşğaldan azad olunan ərazilər istisna olmaqla, digər bölgələrdə tikinti işləri dinamik şəkildə aparılmadığına görə əvvəlki aylarla müqayisədə inşaat materiallarının qiymətində artım yoxdur. İstənilən halda, qiymətlərin ucuzlaşması hər kəs üçün yaxşıdır. Bu, mal və məhsulların əlçatanlığını təmin edir”.
Günel CƏLİLOVA