Paşinyanın aparatından üsyançı keşişlərə sərt xəbərdarlıq - Bədəl ödəməyə hazır olun...
Ermənistan Baş naziri Aparatı İrəvandakı aksiyalar zamanı qanun pozuntularına yol verən keşiş Baqrat Qalstanyan və digər kilsə xadimlərinə xəbərdarlıq edib.
Trend xəbər verir ki, aparat rəhbərinin müavini Taron Çaxoyan yaydığı məlumatda bildirib ki, dövlət əleyhinə siyasətlə məşğul olan din xadimləri bunun siyasi bədəlini ödəməyə hazır olmalıdırlar.
"Kilsəni siyasi platformaya çevirənlər və dini xidməti siyasətlə əvəz edənlər heç kimdən üstün deyillər və dövlət əleyhinə apardıqları siyasətin bütün bədəllərini ödəyəcəklər”, - ölkə rəsmisi vurğulayıb.
Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışıdılar.