Tütünçülükdə 1 il stajı olmayanlar xaricdən ölkəyə siqaret idxal edə bilməyəcək - təzə qanun...
Kamran Məmmədli: “Yerli istehsal tütün məmulatları daxili bazarın tələbatını ödəmək üçün yetərli deyil”
Tütün məmulatı qismində siqaretin idxalı şərtlərindən biri kimi idxalçının ən azı 1 il müddətində tütün məmulatının istehsalı sahəsində fəaliyyəti göstərməlidir. Bu, Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, bu şərtin əsas məqsədi daxili bazarın mənafeyinin qorunması, yerli istehsalın prioritetliyinin saxlanılması, ixrac potensialının artırılması, eləcə də şəxsin dayanıqlı və məqsədyönlü fəaliyyət göstərməsinə nəzarət edilməsidir.
Maraqlıdır, yeni qərar siqaretin qiymətinə necə təsir edəcək?
“İstənilən sahədə qanun sərtləşməsi, istər-istəməz, aid olduğu sahədə qiymət artımına səbəb olacaq”
Iqtisadçı Kamran Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, əhalinin sağlamlığının təmin olunması və sui-istifadə hallarının qarşısının alınması üçün “Tütün və tKamran Məmmədliütün məmulatı haqqında” qanuna dəyişiklik edilib: “İstənilən sahədə qanun sərtləşməsi, istər-istəməz, aid olduğu sahədə qiymət artımına səbəb olacaq. Bu qərar siqaretin qiymətlərini bahalaşdıra bilər. Bazara giriş imkanlarının məhdudlaşdırılması yaxşı nəticələr vəd etmir”.
Iqtisadçının sözlərinə görə, yerli istehsal tütün məmulatları daxili bazarın tələbatını ödəmək üçün yetərli deyil: “Burada əsas problem inhisarın olmasıdır. İnhisarçılar tütünü mövcud dəyərindən aşağı qiymətə alırlar. Bu barədə fermerlər tez-tez şikayət edir. İnhisar çox olduğu sahədə inkişafdan söhbət gedə bilməz. Bu, sırf inhisarın olduğu mühitdən yaranan problemlərdir”.
Günel CƏLİLOVA