Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan-Tacikistan nümunəsi - ŞƏRH
Ərazi bütövlüyümüzün bərpasından sonra Azərbaycanın beynəlxalq əlaqələri daha intensiv xarakter alıb. Bu, dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət başçılarının ölkəmizə səfərlərinin artmasında və eləcə də dövlətimizin başçısının mütəmadi olaraq xarici ölkə başçılarının dəvəti ilə səfərlər etməsində özünü göstərir. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri də bu qəbildən olan rəsmi səfərlərdən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O bildirib ki, Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən Tacikistanla münasibətləri xalqlarımız arasında formalaşmış tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər müstəqilliyimizin bərpa olunmasından az sonra, 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Deputatın sözlərinə görə, ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistanın Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Budəfəki səfərin də iki ölkə arasında əməkdaşlıq üzrə bir çox sənədlərin imzalanması ilə əlamətdar olduğunu diqqətə çatdıran C.Feyziyev deyib ki, hökumətin müxtəlif qurumları arasında qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlmiş bir sıra saziş və müqavilələrlə yanaşı, Azərbaycan və Tacikistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması münasibətlərin mahiyyətcə və keyfiyyət etibarilə daha yüksək pilləyə qaldırılmasını özündə ehtiva edir.
“Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirməkdədir. Bu gün Çindən Avropaya gedən və Mərkəzi Asiya dövlətlərinin ərazisini də əhatə edən ən qısa və təhlükəsiz tranzit daşımaları məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün də səmərəli və cəlbedici nəqliyyat layihəsidir. Bu, bütün Asiya regionu kimi Tacikistanın da Azərbaycana marağını artırır və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər yaradır.
Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcək. Daha bir dost ölkə ilə strateji tərəfdaşlığın təsbit edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət edir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.