Bu iki bank bağlanmaq həddinə düşdü - bu qədər ziyan olar?
Əkrəm Həsənov: “Əmanətlərin həcminin azalması banklar üçün xəbərdarlıq kimi qəbul edilməlidir”
Son illər Azərbaycanda bağlanan bankların sayı artıb. Son 3 ildə 7 bankın lisenziyası ləğv olunub. Bankların fəaliyyətlərini dayandırması əhali arasında təşviş yaratdı. Bu baxımdan vətəndaşlar kreditlərin ödənilməsi, o cümlədən əmanətlərin qorunması baxımından banklara etibar etmir.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 2 dövlət bankı və 21 kommersiya bankı fəaliyyət göstərir. Açıqlanan statistik rəqəmlərə əsasən, maliyyə göstəriciləri pisləşən banklardan “Premium Bank” ASC və “Bank BTB” ASC ilk sıralarda qərarlaşıb. “Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il “Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb. 2023-cü ildə “Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Maraqlıdır, maliyyə göstəriciləri pisləşən bankların taleyi necə olacaq?
“Maliyyə göstəricisi zəif olan “Bank BTB” heç vaxt yaxşı, seçilən banklar siyahısında olmayıb”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bank maliyyə vasitəçisidir. Bankın maliyyə vəziyyəti o vaxt pisləşir ki, passivləri aktivdən çoxdur: “Yəni borc puldan daha çoxdur. Bu da problemli kreditlərin həcmi artanda çoxalır. Hazırki vəziyyət qeyd edilən banklar üçün təhlükə törətmir. Əmanətlərin həcminin azalması banklar üçün xəbərdarlıq kimi qəbul edilməlidir. Bank aktivini artırmağa çalışmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, maliyyə göstəricisi zəif olan “Bank BTB” heç vaxt yaxşı, seçilən banklar siyahısında olmayıb. Ancaq bu o demək deyil ki, həmin banklar mütləq qaydada bağlanacaq. Yaxşı olar ki, vətəndaşlar bank seçərkən Mərkəzi Bankın rəsmi saytında hesabatlarla tanış olsunlar. Vətəndaşlar bu sayədə kommersiya banklarının hansı vəziyyətdə, necə olduğunu daha aydın və net şəkildə görə bilərlər”.
Günel CƏLİLOVA