Makron yeni ordu ilə Kaledoniyaya gedir - kanak xalqı genosidlə üz-üzə qaldı...
Elşad Həsənov: “BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldırılmalı, Fransanın bu addımı pislənməlidir”
Fransa prezidenti Emmanuel Makron ölkənin dənizaşırı ərazisi olan Yeni Kaledoniyaya səfər edib.
Makronun sözlərinə görə, səfərində məqsəd ərazidə sabitliyin və təhlükəsizliyin yenidən təmin olunmasıdır. O, həmçinin qeyd edib ki, bu yaxınlarda Yeni Kaledoniyada baş verən iğtişaşlara görə əraziyə göndərilən hüquq-mühafizə orqanlarının təqribən 3000 əməkdaşı hələ orada qalacaq: “Onlar nə qədər lazımdır, o qədər, hətta Olimpiya oyunları zamanı da orada qalacaqlar”. Makron Yeni Kaledoniyaya daxili işlər, müdafiə və dənizaşırı ərazilər üzrə nazirləri ilə birgə səfər edib. Bildirilir ki, hazırda adada 3 mindən artıq jandarma var və ora əlavə qüvvələrin göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində müstəqillik tərəfdarları tərəfindən təşkil edilən dinc nümayişlər iğtişaşlara çevrilib, yüzlərlə mağaza və sosial müəssisələr qarət edilib və yandırılıb. Hadisələr zamanı yüzlərlə şəxs xəsarət alıb. Aksiyalar adanın yerli əhalisi olan kanaklar tərəfindən təşkil edilib. Belə ki, kanaklar, Parisdə konstitusiyaya dəyişikliklər qəbul edilərsə, azlıqda qalacaqlarından ehtiyat edirlər. Sözügedən dəyişikliyə əsasən isə, adada səsvermə hüququna son 20 ildə Yeni Kaledoniyada yerləşən avropalılar da sahib olacaq.
Makronun nazirlərlə adaya gedişi kanak xalqı üçün genosid mühitinin daha da ağırlaşacağı kimi şərh oluna bilərmi?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, XXI əsrin 24-cü ilində Fransa hakimiyyətinin neokolonializm siyasəti ifşaya uğrayır: “Bu ifşa qoşulmama hərəkatına Azərbaycanın rəhbərlik etdiyi dövrdə başladı. Çünki ağızdolusu demokratiyadan, insan azadlığından, müstəqilliyindən danışan Qərb, Amerika bugünə qədər kolonial siyasəti davam etdirmək istəyir. Məhz Azərbaycanın sədrlik etdiyi dövrdə belə ölkələrdən biri kimi Yeni Kaledoniyanın nümayəndələri də Qoşulmama Hərəkatında iştirak etdilər və onlar özlərinin müstəqillik arzularını həyata keçirmək üçün etirazlara başladılar. Fransa da, Makron da bu gün Yeni Kaledoniyaya öz nazirləri ilə, üç min polis, jandarma heyəti ilə gələrək həmin adada azadlıq istəyən xalqı dağıtmağa çalışır. Hətta Makron belə ifadə işlədib ki, Parisdə Olimpiya oyunlarının keçirilməsinə baxmayaraq, o dövrdə də polislər orada qalacaq və sakitliyi bərpa edəcəklər. Bu isə, təbii ki, çox böyük narazılıq yaradacaq. Fransa öz azadlığına qovuşmaq istəyən Kaledoniya xalqının arzusunu ürəyində qoya bilməyəcək. Mən inanıram ki, artıq o proses gedir. Yeni Kaledoniya da öz azadlığına qovuşacaq. Mən bütün dünyanın dırnaqarası demokratiya carçılarını qınayıram. Onlar görməlidir ki, demokratiya arzusunda olan və onu boğmaq istəyən kimdir. Bu gün də Fransa nekolonializm siyasəti yeridir və bu da dünya ölkələri, liderləri tərəfindən pislənməlidir. Artıq Makronun son illər apardığı siyasətin nə qədər zərərli olduğu göz önündədir. Təbii ki, orada vəziyyət gərginləşəcək. Xalqa qarşı genosid siyasəti olacaq. Bu da qəbuledilməzdir və BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldırılmalı, Fransanın bu addımı pislənməlidir”.
Məhəmmədəli QƏRİBLİ