Ermənistan XİN: "Azərbaycanla sülh sazişinin vahid mətninə nail olacağımıza ümid edirik"
Azərbaycanla sülh sazişinin vahid mətninə nail olacağımıza ümid edirik. Trend xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.
İrəvan və Bakı arasında sülh sazişinin mətni ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğunu deyən nazir müavini, bu istiqamətdə işlərin görüldüyünü bildirib.
"Ümid edirik ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam edir. Görüşlərdə hər iki tərəfin mövqeyini yaxınlaşdırmağa çalışırıq", - o deyib.
Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.