Bakı və Minsk “ölü Minsk qrupunun” axırına birlikdə çıxacaq...
Elşən Mustafayev: “Lukaşenko Qərbin oyuncaq layihələrini tənqid etməkdən çəkinməyən adamdır”
Prezident İlham Əliyevin ATƏT sədrinə keçmiş Minsk qrupunun ləğvini təkrar xatırlatmasının ardınca Belarus Prezidenti Lukaşenko Bakıya səfər etdi. Məlumdur ki, Belarus keçmiş Minsk qrupunun təsisçi üzvlərindən biridir, həm də Qarabağ münaqişəsinə digərləri ilə müqayisədə nisbətən obyektiv yanaşması ilə seçilirdi.
Mayın 15- də Bakıda səfərdə olmuş Belarus Prezidenti ilə Azərbaycan Prezidentinin keçmiş Minsk qrupunun taleyi barədə müzakirə apardıqları barədə konkret fikir söyləmək çətindir. Belarusa Qarabağ münaqişəsinin sonunda Minsk konfransına ev sahibliyi etmək həvalə olunub. Məntiqlə, Minsk qrupu hələ hüquqi olaraq ləğv edilməyibsə, deməli, Belarus dövlətinin Minsk konfransına ev sahibliyi etmək statusu da hələ qüvvədə sayılır. Ancaq Belarusun indi belə bir konfransa ehtiyac duyduğunu söyləmək və ya düşünmək mənasız olardı. Hazırda mövcud olmayan bir münaqişə üzrə hansı beynəlxalq konfransın ev sahibliyindən söz gedə bilər?
Əslində, bizim Prezidentin dəfələrlə MQ-nin rəsmi ləğvi məsələsini qaldırması ATƏT-in özü üçün daha əhəmiyyətlidir və bu təşkilatı ziyanlı və izafi bir yükdən xilas etməyə yönəlmiş təşəbbüs kimi də dəyərlidir. Hər halda, Belarusun bu məsələyə mövqe bildirməsi olduqca zəruridir. Lukaşenko Minsk qrupunun ləğvini tələb etməlidirmi?
Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Minsk qrupu birmənalı olaraq ləğv edilməlidir: “Yaradılan qrupun adı da simvolik olaraq Minskin adını daşıyır. Bundan əlavə, qurumun növbəti kinfransına ev sahibliyi etmək də Minskə tapşırılıb. Minsk qrupunun yaradılışı Belarusun Avropa ilə münasibətlərinin gərgin olmadığı dönəmə təsadüf edir. Hazırda Rusiyanın etibarlı müttəfiqi olan Minskin Qərblə münasibətləri gərgindir. Bəllidir ki, Lukaşenko Qərbin layihəsi olan Minsk qrupu oyununda iştirak etmək istəməz. Minsk qrupu fəaliyyətini bitiribsə, bu adla konfransın keçirilməsinə də ehtiyac yoxdur.
Lukaşenko Qərbin oyuncaq layihələrini tənqid etməkdən çəkinməyən adamdır. Onun diqqətinə çatdırmaq lazımdır ki, bu məsələyə də münasibət bildirsin. Rusiya həmsədr kimi bu formatdan imtina edib. ABŞ da bədbin fikirlər səsləndirib. Minsk qrupunun qalmasını istəyən digər həmsədr Fransa və Ermənistandır. Onlar bununla erməni separatizminə əlavə ruh vermək istəyirlər. Fransa bununla həm də bölgəyə müdaxilə etmək rıçaqını əlində saxlamaq istəyir. Azərbaycan tamamilə haqlı olaraq Minsk qrupunun mövcud olması üçün heç bir əsas qalmadığını bəyan edir və bu təsisatın buraxılmasının zəruriliyini tələb edir. Bununla, faktiki olaraq, Azərbaycan Minsk qrupundan rəsmi imtina etmiş oldu. Ona görə də ATƏT Minsk qrupunun mövcudluğunun rəsmi sona çatdığı barədə qərar qəbul etməlidir.
Minsk qrupunun formal olaraq saxlanması revanş hissləri ilə yaşayan ermənilərdə revanşizm əhvalını bir qədər gücləndirən amillərdən biri rolunda çıxış edir. Həm Minsk qrupunun, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin varlığı təşkilata ayrılan vəsaitlərin havaya sovrulmasıdır. Ona görə də buna son qoyulmalıdır. Lukaşenko bunu etməklə, həm də paytaxtının adının bəyənilməyən mövzuda hallanmasına son qoymuş olar”.
Məhəmmədəli QƏRİBLİ