Məhkəmə sahibkarın xeyrinə qərar çıxardı, şagirdlər çöldə qaldı, nazirlik isə...
Nazirlik:"Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Musiqi Məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək"
"İki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris prosesi pozulmuş və dərslər keçirilməmişdir" . Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. "Bildiririk ki, Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Musiqi Məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək.
Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı". Məlumatda bildirilir ki, vurğulanan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Gəncə şəhərində yerləşən Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində dərslər dayandırıldığı barədə məlumat yayılıb. AzEdu.az-ın xəbərinə görə, musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Məlumata görə, uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur.
Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub. Artıq 3 gündən çoxdur tədris prosesi dayandırılıb, alətlər, şkaflar, stollar çölə atılıb.
60 işdən çoxdur fəaliyyət göstərən məktəbin binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb. İddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib. Mətbuata görə, 80 müəllim, 500-dən çox şagirdin olduğu məktəbin satılması valideynləri də narahat edib.
İradə SARIYEVA