Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsi, xüsusilə, incəsənətin əsas qolu olan teatrın inkişafı da daim diqqətdə saxlanılır. Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir.
Bu siyasətin davamı kimi, ölkəmizdə teatrların inkişafına, sahənin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.
Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.
Ülviyyə GÜLBABAQIZI