Yeni Kaledoniya deputatları Makronla videokonfrans keçirməkdən imtina etdi
Yeni Kaledoniya deputatları Fransa prezidenti Emmanuel Makronla videokonfrans keçirməkdən imtina ediblər. Trend xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Fransa prezidentinin ofisindən vəziyyətin mürəkkəb olduğunu bildiriblər. Makronun bu məsələni "birbaşa seçilmiş vəzifəli şəxslərlə" ayrıca müzakirə edəcəyi qeyd olunub.
Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ən azı dörd nəfər ölüb, 200-dən çox adam yaralanıb. Fransa hakimiyyəti Yeni Kaledoniyada ən azı 12 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Məlumata görə, iğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Yerli liderlərin fikrincə, bu yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq.