Paşinyanın nazirinin pensioner anası İrəvanda 230 min dollarlıq lüks malikanəni necə tikdirib? - Erməni mediası suala cavab axtarır...
Erməni KİV ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın anası, təqaüddə olan 67 yaşlı Olqa Sanosyanın İrəvanda tikdirdiyi malikanədən yazıb. Trend xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Məlumata görə, İrəvanda lüks məhəllədə tikilməkdə olan malikanənin dəyəri 230 min ABŞ dolları olaraq dəyərləndirilir.
Qeyd olunub ki, Olqa Sanosyan 1000 kvadrat metrlik torpaq sahəsini 2023-cü ilin mart ayında satın alıb. Sövdələşmənin dəyəri 49 min dollar olaraq qiymətləndirilib.
Daşınmaz əmlak üzrə agentlərin sözlərinə görə, torpaq sahəsi bazar dəyərinin yarı qiymətinə satın alınıb, belə ki, sözügedən ərazidə 1 kvadrat metr torpaq sahəsinin qiyməti ötən il və bu il 100 dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, Qnel Sanosyan həm də Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının təsisçi üzvüdür.