Tavuşun 3 nöqtəsində delimitasiya niyə dayandırılıb - erməni deputat izah etdi...
Ceyhun Məmmədov: “Ola bilsin, bu məlumat da gərginliyin azaldılması məqsədilə verilsin”
Bildiyimiz kimi, xeyli müddətdir Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilir. Erməni mediasının yaydığı məlumata görə, Tavuşda üç məntəqədə delimitasiya prosesi dayandırılıb.
“Armenia Today”ın yaydığı məlumata görə, mülki müqavilə üzrə deputat Vahe Qalumyan Tavuşda üç mübahisəli nöqtədə Azərbaycanla sərhədin delimitasiyasının dayandırılmasının səbəbini açıqlayıb. “Tavuşda üç mübahisəli məntəqədə sərhədin delimitasiyası rayon sakinlərinin təqdim etdiyi mülkiyyət şəhadətnamələri ilə orada quraşdırılan sərhəd dirəklərinin müqayisəsi üçün dayandırılıb”, - deputat jurnalistlərin delimitasiya hansı mərhələdədir sualını belə cavablandırıb.
O, məlumatsızlığını əsas gətirərək proseslə bağlı başqa detallar açıqlamayıb.
Erməni deputat deyib ki, Tavuşda 3 məntəqədə delimitasiya dayandırılıb və orada məqsəd mübahisəli nöqtələri müəyyənləşdirməkdir.
Bu nə dərəcədə düzgündür? Məsələn, bunun Ermənistanda hökumətə, hakimiyyətə göstərilən təzyiqlərlərin nəticəsində dayandırıldığını güman etmək olarmı? Nə baş verdiyini ehtimal etmək olar? Delimitasiya bu nöqtələrdə niyə dayandırılıb?
“Çünki bu gün Ermənistanda ciddi proseslər gedir və görünən odur ki, qarşıdurma daha da artacaq”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində “Hər halda hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi davam etməlidir və edəcək. Almatıda görüşlər keçirilir, müəyyən məsələlər ətrafında müzakirələr aparılır, 40 sərhəd dirəyi də basdırılıb. Mən inanmıram ki, bu proses dayansın, bu proses davam edəcək. Sadəcə, ola bilər ki, bu açıqlamanın verilməsinin əsas səbəbi həm də hazırda Ermənistanda artan gərginliyin azaldılmasına xidmət edir. Yəni bu gün ciddi bir gərginlik var”-deyə bildirdi.
C.Məmmədovun fikrincə, ola bilsin ki, bu gərginliyin azaldılması üçün belə bir məlumat verilir. “Çünki bu gün Ermənistanda ciddi proseslər gedir və görünən odur ki, qarşıdurma daha da artacaq. Qeyd etdiyim kimi, ola bilsin,
bu məlumat da gərginliyin azaldılması məqsədilə verilsin. Bu prosesin dayandırılması barədə heç bir rəsmi heç məlumat yoxdur. Yəni bununla bağlı nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi səviyyədə heç bir açıqlama verilməyib. Hesab edirəm ki, proseslər davam edəcək və sona kimi də Ermənistan və Azərbaycan bu prosesi irəliyə doğru aparacaq. Münasibətlərdə hər hansı anlaşılmazlıqlar olsaydı Almatıda bu görüşlər keçirilməzdi və bu görüşləri Ermənistan tərəfi konstruktiv görüş olaraq qeyd etməzdi. Görünən odur ki, müəyyən işlər gedir, nəticələr var, tərəflər bunun əsasında məsələləri irəliyə doğru aparmağı planlaşdırırlar. Bunun üçün də real addımlar atırlar”-deyə millət vəkili bildirdi.
İradə SARIYEVA