"Azərbaycan-Ermənistan normallaşma prosesində birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır" - Ceyhun Bayramov
Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür. “Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”, - deyə C.Bayramov əlavə edib.
"Biz delimitasiyanı çox müsbət qəbul edirik və tarixi hadisə kimi dəyərləndiririk. Bunun ən böyük nəticəsi isə odur ki, buna iki dövlət arasında danışıqlar, siyasi, diplomatik yolla nail olduq" deyən nazir bildirib ki, sülh müqaviləsi ətrafında danışıqlar fevral ayından intensiv xarakter alıb.
ZÜMRÜD