"Bizim tarix öyrətdiyimiz şagirdlər özləri tarix yazdılar" - Şuşa sakini
"Bu günlər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmalıdır." Bunu Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Yeganə Seymur qızı İbadova deyib.
“Bu günlər mənə yuxu kimi gəlir. Sanki qəfil gözümü açıb bu yuxudan oyanacağam kimi gəlir mənə. Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün ən yaxın rəfiqəmi Şuşaya yola salmağa gəlmişəm. Özüm müəlliməyəm və bu illər ərzində oğullarımızın şücaəti, şəhadəti barədə, Qarabağ həqiqətləri barədə şagirdlərimə məlumat çatdırmışam. Bizim o tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar, bizim 30 illik həsrətimizə son qoydular.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” - deyə Y.İbadova qeyd edib.
Mətləb Salahov