“Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi və bağlanış mərasimi keçirilib.
Ulu Öndərin xatirəsinin yad edilməsi ilə başlayan turnirin final mərhələsində 22 komanda arasında yarış keçirilib, iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Yekunda ən yaxşı nəticə göstərən 3 komanda yarışın qalibi olub.
Mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli qalib komandaları təbrik edib, vurğulayıb ki, bu bilik yarışı əməkdaşların erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir və planlaşdırma, vaxtın idarəolunması, stressə davamlılıq kimi xarakterlərə müsbət təsir edir. Bildirilib ki, bu baxımdan, belə turnirlərin davamlı olmasına müsbət yanaşan DVX tərəfindən son bir neçə ildir ki, insan resurslarının inkişafı sahəsində bir çox layihələr həyata keçirilir. Qeyd olunub ki, performans, motivasiya və karyera sisteminin düzgün qurulması, habelə işçi məmnuniyyətinin artırılması, vəzifə dərəcələndirmə sisteminin (qreydinq) tətbiqi, dövlət vergi orqanlarında fəaliyyət göstərmək üçün zəruri olan səriştələrin müəyyən edilməsi kimi çox maraqlı və yeni yanaşmalar mövcuddur. Əsas məqsədin daxili insan resurslarının keyfiyyəti, intellekt və bacarıqlar baxımından üst səviyyəyə qaldırılması, yeni bilik və bacarıqlara sahib mütəxəssislər və idarəçilər yetişdirməyin olduğu vurğulanıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Birinci yeri “Secret of service”, ikinici yeri “Öhdəlik”, üçüncü yeri isə “Tax Declarants” komandası tutub. Qalib komandalara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına mart ayında start verilib, turnirə ümumilikdə 260-dan yuxarı iştirakçı, 44 komanda qatılıb.