Əsrin, cəmiyyətin ən dəhşətli bəlası
Bu gün əsrin, cəmiyyətin ən dəhşətli bəlası olan, gələcəyimizi böyük təhlükə qarşısında qoyan narkomaniyaya, digər zərərli vərdişlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı mübarizə tədbirləri ardıcıl olaraq aparılır.
Həmçinin digər təşkilatlar bir sıra işlər görürlər. Məqsəd insanların sağlamlığına zərər vuran bütün neqativ hallara son qoymaqdır. Təəssüf ki, bunlar ola-ola yenə də ölkədə narkotiklərə meylliliyin artdığı müşahidə olunur və erkən nikaha gedənlər vardır. Qorxulusu odur ki, narkomanların çoxunu gənclər təşkil edir, hətta elələri var, yaşları 13-14 arasıdır. Bu, olduqca ağır nəticədir, çünki xalqın, millətin sağlam özəyi onun gəncliyidir. Məhz buna görə vaxtında insan həyatını məhvə aparan bəlalara son qoymaq üçün indiki dövrdə yeni istiqamətlərin, metodların tətbiqi zəruridir, buna qoşulmaq isə sadəcə gələcəyini düşünən hər bir kəsin mənəvi borcudur.
Son vaxtlar dağlar diyarı Lerikin təhsil ocaqlarında maarifləndici tədbirlərin təşkilinə xüsusi olaraq üstünlük verilir. Növbəti belə tədbir şəhər 3 saylı tam orta məktəbində baş tutdu. “Narkomaniya, erkən nikah və kibercinayətkarlıq”la mübarizə mövzusunda tədbirin təşkilatçıları Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, Mədəniyyət Mərkəzi, eləcə də Gənclər və İdman sektoru idi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Rafiq Əzizov, Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, məktəbin yuxarı sinif şagirdləri, pedaqoji heyəti və valideynlər iştirak edirdilər.
Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan ölməz qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılan tədbirdə mövzu ilə bağlı film nümayiş olundu.
Daha sonra natiqlər mövzu haqqında danışdılar, narkomaniya və erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi. Ən əsası, vurğulandı ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə mühüm yer tutur. Problemin həllinə xidmət edən addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən vacib izahat işlərinin lazımi səviyyədə aparılması əsas şərtdir. Eyni zamanda xüsusi ilə bildirildi ki, narkomanlığa, erkən nikah hallarına daha çox zəmin yaradan səbəblərdən birincisi təhsildən yayınmaqdır. Gənclərin təhsilə marağının artırılması, onların asudə vaxtını və əyləncə sisteminin səmərəli təşkili zərərli vərdişlərə “yox” demək üçün ən düzgün yoldur.
Tədbirdə şagirdləri mövzu ilə bağlı düşündürən suallara cavab verən Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev bir daha dedi: - Hamı başa düşməlidir ki, narkomaniya, digər zərərli vərdişlər insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərini məhv edir. Bu cür ictimai təhlükəli əməllərlə birgə mübarizə aparmalı və sağlam, gözəl həyat naminə çalışmalıyıq.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü