Azərbaycanda gözdən əlillər üçün çox maraqlı ideya var - xüsusi portal...
Davud Rəhimli: “Nisbətən zəif görənlər üçün elektron portal yaradıla bilər, ancaq görmə qabiliyyətini tam itirənlərə isə…”
Gözdən əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri sayılır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar.
Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Ancaq gözdən əlillər onlar üçün elektron portalın olmamasında giley edir. Bu problem necə həll oluna bilər?
“Gözdən əlillər problemlərini həll etmək üçün elektron portalın yaranmasını istəyir, onların bu istəyi başadüşüləndir, ancaq…”
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gözdən əlillərin problemlərinin həll olunması istiqamətində müəyyən işlər görülür: “Bu insanlar elektron portalın yaranmasını istəyir. Onların bu istəyi başadüşüləndir. Ancaq elektron portal nisbətən zəif görənlər üçün hazırlana bilər. Ümumiyyətlə, bu istiqamətdə inklüziv işlər aparılır. Qeyd edilən kateqoriyaya aid edilən şəxslər inkluziv proqramlara daxil olub, onlara lazım olan saytlardan rahat şəkildə istifadə edə bilər. Ancaq tam görmə əlilliyi olan şəxslərin bu tip proqramlardan istifadəsi üçün müəyyən təminatlar lazımdır. Yaxşı olar ki, tam görmə əlilliyi olan şəxslərə elektron işlərinin görülməsi üçün səsli proqramlar yaradılsın. Belə bir proqram sayəsində bu insanlar rahat şəkildə işlərini görə bilər".
Həmsöhbətimiz hesab edir ki, nisbətən zəif görənlər üçün elektron portal yaradıla bilər. Ancaq görmə qabiliyyətini tam itirənlərin bu ehtiyacını səsli proqramlar qarşılaya bilər.
Günel CƏLİLOVA