"Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür, ikili standartla çıxış edir?!" - Aygün Attar
İşğal dövründə bizim həyatımız, mədəniyyətimiz, keçmişimiz dağıdıldı, yox edildi. Trend xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Bu məsələlərlə bağlı yalnızca toplanıb müzakirələr aparırıq. Bəs başqa nə edə bilərik?! Dünyadakı bütün insanlar bu kimi vandallıqlara etirazını bildirməlidir. Azərbaycanın torpaqlarında işğal dövründə baş verən vandallığa səssiz qalanlar başqa bir ölkədə mədəni irsə zərər gəlməsinə qarşı çıxır. Azərbaycan isə yalnız öz mədəni irsi üçün yox, dünyanın mədəni irsinin qorunması üçün çalışır.
Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür, ikili standartla çıxış edir? Azərbaycanın ekologiyasına vurulan zərər ortaq yaşadığımız dünyaya vurulan zərərdir. Niyə bunun hesabı soruşulmur?”,- deyə o bildirib.