YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimi artan nüfuzundan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərə imza atan qalib Azərbaycanın hər biri uğurunda öz payı olan YAP 2021-ci ildə keçirilən VII qurultayında qəbul etdiyi yeni qərarlarla gələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi. Yeni tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün tələblərini özündə əks etdirən, “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramın hazırlanması və təsdiqlənməsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. YAP-ın nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xüsusi qeyd edən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi son 20 ilin uğurlarına verilən dəyərin, həmçinin Yeni Azərbaycan Partiyasına inamın və etimadın göstərici oldu. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik Yeni Azərbaycan Partiyasının monolitliyini daha da möhkəmləndirir. Dahi şəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP 1992-ci ildə fəaliyyətə “Yeni müstəqil Azərbaycan uğrunda!” şüarı ilə başlayaraq şərəfli yol keçdi və bu gün “Qalib xalqın qalib Lideri” söyləyir, bu birlik əsasında yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərir.
Vüqar Rəhimzadə qeyd edib ki, 16 mindən artıq üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları sırasına mütəmadi surətdə yenilərinin əlavə olunması partiya üzvlərinin sayının günbəgün artmasının təsdiqidir. YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqla yanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. Heydər Əliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir.
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona göstərilən etimadı dorultduğunu bildiriblər. Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılan Sarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sədaqət İsmayılova sədr müavini seçiliblər.