Qərbin xəyanəti Ukraynanı dalana saldı...
Qərbin Ukrayna ilə bağlı siyasəti sonuncunu getdikcə daha böyük problemlər burulğanına sürükləməkdədir. Xüsusən də Ukraynaya hərbi yardımların az qala dayandırlma həddinə çatması indiki zamanda Kiyevə xəyanətdən başqa bir şey deyil. İndi nə ABŞ, nə də Avropa Ukraynaya əvvəlki qədər hərbi və maliyyə dəstəyi vermir.
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər: “Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması və ya ən azı Putinin siyasi nizamlanma şərtlərini diqtə edə biləcəyi vəziyyətə gəlib çata bilməsi ilə bağlı çox real risq var”.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da qeyd edir ki, Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər. O da vurğulanır ki, bu, ABŞ-ın Ukraynaya dəstək səviyyəsindən asılıdır: “ABŞ-ın yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər”. Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-ın dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək. ABŞ-ın Müharibə Araşdırmaları İnstitututu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib. Bu arada ABŞ Konqresi, axır ki, Ukraynaya hərbi yardım paketini Nümayəndələr Palatasının səsverməsinə çıxarmaq planını açıqlayıb. “The Guardian” qəzeti yazır ki, Konqresin alt palatasının respublikaçı spikeri Mayk Conson Senatın fevralda səs verdiyi 95 milyard dollarlıq yardımı dörd fərqli yardım paketinə bölməyi təklif edib. Sözügedən yardımın 60 milyardı Ukraynaya, 14 milyardı İsrailə, 5 milyard dolları, Tayvan da daxil, Sakit okean hövzəsindəki müttəfiqlərə verilməlidir. Spikerin təklifi bunların hər birinin ayrı-ayrılıqda səsverməyə çıxarılması ilə bağlıdır. İndi qanun layihələrindən biri Ukrayna, digəri İsrail, üçüncüsü Tayvan və Hind-Sakit okean hövzələrindəki müttəfiqləri, dördüncüsü isə “TikTok”un ABŞ-da yasaqlanması, İrana sanksiya tətbiqi və Ukraynaya yardımın kreditə çevrilməsi kimi bir-birindən fərqli xarici siyasət öncəlikləri üçün nəzərdə tutulacaq. Ukraynaya təklif olunan yardımın çoxu Amerika şirkətlərinin istehsal etdiyi silahların maliyyələşdirilməsinə yönəldiləcək. Mahiyyəti baxımından, Conson Ukraynaya yardımı İsrailə nəzərdə tutulan yardımdan ayırmağı təklif edir. Respublikaçıların çoxu Ukraynaya yardıma qarşı olduğu və bu təklifi alt palatada aylarla süründürdüyü halda, İsrailə yardım təklifi əksər millət vəkili arasında populyardır. Deməli, Ukraynaya yardımın verilməsi yenə ciddi sual altındadır.
Nə qədər ziddiyyətli olsa da, Qəzza üçün humanitar yardım bu qanun layihələrinin heç birinə əlavə olunmaya bilər. Senatın fevralda qəbul etdiyi qanun layihəsində Qəzzaya 9 milyard dollarlıq yardım nəzərdə tutulmuşdu. Düzdür, Qəzzaya yardım bu paketlərə əlavə edilə də bilər; demokratlar bunun danışıq mövzusu olmadığını deyirlər. ABŞ-Meksika sərhədinin güvənliyinə dair də hər hansı müddəa yoxdur. Conson aylarla bu müddəanın olmamasını Senatda qəbul edilən yardım paketini alt palatada müzakirəyə çıxarmamasının əsas səbəbi kimi göstərib. Beləliklə, qanun layihələrindən hər biri ayrı-ayrılıqda səsverməyə çıxarılacaq. “The Guardian”ın xəbərində bu prosesin çətin ola biləcəyi deyilir. Respublikaçılar Nümayəndələr Palatasında cəmi iki yer fərqi ilə çoxluqdadırlar. Corciyalı millət vəkili Marcori Teylor Qrin dərhal bu qanun layihəsini fırıldaq adlandırıb: “İsrailin yardımı Ukraynaya yardımın girovu olmamalıdır. Amerika xalqının yardımın hər bir komponentinə dair senatorların mövqeyini bilmək haqqı var”. Nümayəndələr Palatasının qaydalarına görə, mətnin çıxması ilə qanun layihəsinin səsverməyə çıxarılması arasında, azı, üç gün vaxt olmalıdır. Alt palatanın aprelin 18-də daha bir fasiləyə çıxacağı nəzərə alınsa, hər hansı nəticə əldə olunanadək bir neçə həftə keçəcək. Nümayəndələr Palatasından keçən hər bir qanun layihəsi daha sonra yenidən təsdiqlənmək üçün Senata geri göndəriləcək. Qanun layihələrinin təsdiqinə bunlar fonunda heç bir təminat yoxdur. Ancaq göründüyünə görə, Consonun başqa seçimi yox idi. İfrat sağçı respublikaçı üzvlərin bir çoxu Ukraynaya yardıma qarşıdır. Bəzi üzvlərsə o və Senat qanun layihəsini yenidən Nümayəndələr Palatasında səsverməyə çıxararsa, Consonu vəzifəsindən uzaqlaşdırılacaqları ilə hədələyir. Conson Co Baydenlə telefon söhbətində yardım paketinin hissələrə bölünməsinin tək çıxış yolu olduğunu deyib. Ukraynada cəbhədə duruma gəlincə, əsasən, Donetsk bölgəsinə fokuslanan Rusiya ordusu, yavaş da olsa, irəliləyir. İndi Rusiya qoşunları strateji önəmli Çasov Yar şəhərini ələ keçirməyə çalışır. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski bu xüsusda qeyd edir: “Son günlərdə şərq cəbhəsində vəziyyət önəmli ölçüdə pisləşib”. O bildirib ki, Rusiya Çasov Yarı faşist Almaniyası üzərində qələbənin qeyd olunacağı 9 mayadək ələ keçirməyə ümid edir. NATO-nun avropalı üzvlərinin hərbi və maliyyə dəstəyindən başqa, Çexiyanın başçılığı ilə Ukraynaya yüz minlərlə artilleriya mərmisinin alınmasını nəzərdə tutan beynəlxalq təşəbbüs də gündəmdədir. Çexlər dünyanın müxtəlif ölkələrindən mərmiləri hökumət rəsmiləri və özəl şirkətlər vasitəsilə Ukraynaya çatdırmağı qarşılarına məqsəd qoyublar. Mərmilərin ilk dəstəsinin iyunda Kiyevə çatdırılacağı gözlənilir. Amma prosesə bəzi Avropa ölkələri etiraz edir. Bu ayın əvvəli NATO baş katibi Yens Stoltenberq Ukrayna üçün 100 milyard avro həcmində misli görünməmiş beşillik hərbi yardım paketi təklif edib. Təşəbbüsün məqsədi NATO-nun üzərinə Kiyevə silah dəstəyinin koordinasiyası ilə bağlı daha çox məsuliyyət qoymaqla ABŞ-ın hərbi yardımına dair gələcəkdə ortaya çıxa biləcək hər hansı qeyri-müəyyənliyin təsirini azaltmaqdır. Hazırda əksər NATO üzvləri Ukraynaya silah yardımını ikitərəfli qaydada gerçəkləşdirirlər. Ekspert və diplomatlar Stoltenberqin planının hələ çox ilkin mərhələdə olduğu barədə xəbərdarlıq edir. Onlar bildirirlər ki, 100 milyard avro kimi böyük məbləğin qəbul edilib-edilməyəcəyi də hələ bilinmir. Baş katibin bu planının qəbulu NATO-nun 32 üzvü arasında konsensus sayəsində mümkün ola bilər. Alyansın üzvü olan Macarıstan artıq bu plana qarşı çıxıb.
Tahir TAĞIYEV