Rusiya Ermənistanı dirədi - “5 aprelə izah verin"...
Fərəc Quliyev: “Qonşuluğumuzdakı vəziyyət fırtınaqabağı sakitliyə oxşayır”
Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş "hərbi-siyasi razılaşmalar" haqqında açıqlama gözləyir. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib:
"ABŞ və Aİ nümayəndələrinin həqiqətən Brüsseldə Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin ABŞ, NATO və Aİ mütəxəssisləri ilə əvəz olunmasını, Qərbin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərinin genişləndirilməsini, habelə Metsamor AES sökülməklə, Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini nəzərdə tutan planlarını Yerevana zorla qəbul etdirdiyi məlum olsa, bu, Moskvada təəccüb doğurmayacaq".
Zaxarova qeyd edib ki, Qərb Ermənistana yalnız regionda yeni böyük yanğını alovlandırmaq üçün alət rolunu verir.
Bunu Rusiyanın Ermənistana “odla oynama” məzmunlu açıq xəbərdarlığı saymaq olarmı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu çağırışla həm Ermənistana xəbərdarlıq edir, həm də həmin ölkənin əhalisini məlumatlandırır: “Bu, Ermənistanın hansı yolda olduğunu bir daha nümayiş etdirir. Görünür, Ermənistanı cəzalandırmaq üçün son hazırlıq işləri gedir. Rusiya öz əlində olanı Qərbə, ABŞ-a elə-belə vermək fikrində deyil. Mövqe uğrunda bir savaş gedirsə, Rusiya Ermənistan daxilində olan təzyiq resurslarını işə salmaqla, daha rahat şəkildə öz maraqlarını qoruya bilər. Bu savaşda Ermənistandan bir maşa kimi istifadə olunur. Verilən açıqlamada buna işarə olunur. Ermənistan əhalisinə göstərirlər ki, biz sizə düşmən olmadığımızla bağlı dəfələrlə xəbərdarlıq etmişdik. Demək istəyirlər ki, Ermənistan hakimiyyəti öz xalqına qarşı düşmənçilik edir. Nəzərə çatdırırlar ki, Ermənistan hakimiyyəti Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Rusiyanı olduqca çıxılmaz vəziyyətdə qoydu. Bununla Rusiya həm də demək istəyir ki, biz həm də Qarabağda erməni əhalisini qoruyrduq, onların özü çıxıb getdi. Alt qatda ictimai rəyi formalaşdırıb və günahkarı tam müəyyənləşdirib. İndi də Metsamor AES məsələsini ortaya qoyur. Bilirsiniz ki, həmin yer Rusiyanın nəzarətindədir. Bununla da indidən Ermənistana enerji böhranı xəbərdarlığını verir. Burada maraqlı və təhlükəli məqam budur ki, sərhədlərdə Azərbaycana və İrana qarşı təxribatlar törədilə bilər. Bu xəbərdarlıqdan sonra Rusiya bütün təzyiq rıçaqlarını işə salacaq. İndiyə kimi bunu etmirdi ki, sadə əhali Rusiyanın yanında olsun. Ciddi məsələlərin anonsudur. Bunu Ermənistan sonuncu xəbərdarlıq kimi qəbul etməlidir. Rusiya Qafqazda möhkəmlənmək üçün Ermənistanda toparlanmaq yolunu seçəcək. Azərbaycanı tərk etməklə bu şansı itirdi. Biz şərtləri elə formada dəyişdik ki, onlar fakt qarşısında qalıb buranı tərk etdilər. Biz məsələni zamanında həll etdik. Hər halda, bizim manevr imkanlarımız artıb. Ancaq qonşuluğumuzdakı vəziyyət fırtınaqabağı sakitliyə oxşayır”.
Məhəmmədəli QƏRİBLİ