Tramp Ukraynaya sülh deyil, “yeni maliyyələşdirmə” modeli təklif edəcək...
"Biz Ukraynaya yardımın hədiyyə olaraq deyil, kredit şəklində verilməsini nəzərdən keçiririk". Bu barədə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşdən sonra bildirib.
"Biz bunu sadəcə hədiyyə olaraq deyil, borc olaraq etməyi düşünürük. Nədənsə biz ABŞ olaraq milyardlarla dollarlıq hədiyyələr verməyə davam edirik" deyən Tramp Bayden administrasiyasını tənqid edib.
Bununla yanaşı, sabiq ABŞ prezidenti Consonun çox çətin şəraitdə “çox böyük iş” gördüyünü bildirib. Tramp həmçinin Avropa ölkələrini “Ukrayna münaqişəsindən daha çox zərər çəkdiklərinə görə” Ukraynaya yardımda “əlavə addımlar atmağa” çağırıb.
Tramp İsraildəki hazırkı vəziyyətdən də danışıb və Baydeni tənqid edib: “Oktyabrın 7-dən sonra İsraillə bağlı baş verənlər dünya müharibəsi ilə nəticələnə bilər. İki cümləni bir araya gətirə bilməyən prezidentimiz var. Səhnədən aşağı pilləkən tapa bilməyən prezidentimiz var. Bizim nə etdiyini bilməyən bir prezidentimiz var və biz dünya müharibəsində ola bilərik. Bizim noyabrın 5-nə qədər yeddi aydan az vaxtımız var, lakin insanların bacarıqsız olduğu vaxt sonsuzdur”.
TAHİR