Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha iki nəfər tutuldu
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha iki nəfəri polis saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
"Tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.
Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.
R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq", - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar. Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.
ZÜMRÜD