“Vaqner”in 3 min keçmiş döyüşçüsü Kadırovun xüsusi təyinatlılarına qoşuldu
Keçən il şəxsi təyyarəsində baş verən partlayışda həyatını itirən Yevgeni Priqojinin qurucusu olduğu “Vaqner” muzdlu ordusunun 3 min keçmiş döyüşçüsü Çeçenistandakı “Ahmat” xüsusi təyinatlılarına qoşulub. Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında açıqlama verib.
R.Kadırov 3 min “Vaqner” əsgərinin “Ratibor” kod adlı komandirlə birlikdə “Ahmat” xüsusi təyinatlı dəstəsinə daxil olduğunu və Rusiya Müdafiə Nazirliyinin bu məqsədlə lazımi sayda vakant yerlər ayırdığını bildirib.
"Yaxın vaxtlarda bütün təşkilati problemlər həll olunacaq və döyüşçülər operativ döyüş tapşırıqlarını yerinə yetirməyə başlaya biləcəklər. Keçmiş "Vaqner" döyüşçülərinin “Ahmat”a daxil olması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və bölməmizin effektivliyinin artırılması istiqamətində strateji əhəmiyyətli addımdır", - Kadırov bildirib.
Qeyd edək ki, "Ahmat" xüsusi təyinatlıları Ramzan Kadırovun bomba hücum nəticəsində öldürülən atası, Çeçenistanın keçmiş prezidenti Ahmat (Əhməd) Kadırovun adını daşıyır.
Tahir TAĞIYEV