Qərbi Azərbaycan İcması Aİ və ABŞ-a çağırış etdi - regionda vəziyyəti gərginləşdirməyin...
Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 5-də Brüsseldə görüş keçiriblər. Azərbaycan hökumətinin və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir.
Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə ərazilərimizi viran qoymuş və minalarla çirkləndirmiş İrəvanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.
Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə salınmaması ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir.
Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib.
Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırır. Aİ ilə ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, o zaman militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılardan və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir”.
ZÜMRÜD