Ursula Lyayenə qarşı araşdırmalara Borrel də qarışdı...
Əli Orucov: “Seçkiyə çox az müddətin qaldığı bir dövrdə bu kampaniyaların ard-arda baş verməsi təsadüfi deyil”
Avropa Komissiyasının və Avropa Parlamentinin bir sıra üzvləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen tərəfindən təsdiq edilmiş deputat Markus Piperin yüksək maaşlı vəzifəyə təyin edilməsinin qərəzsizliyini şübhə altına alıblar.
Avropa mediası AK rəhbərinə ünvanlanmış və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell və AK üzvləri Thierry Breton, Paolo Gentiloni və Nicolas Schmit tərəfindən imzalanmış məktub əldə edib. Məktubda qeyd edilir ki, bu təyinat seçim prosesinin şəffaflığı və qərəzsizliyi ilə bağlı suallar yaradır. Gələn həftə AK sədri Avropa Parlamentinin üzvlərinə oxşar suallara cavab verməli olacaq.
Pieper bu yaxınlarda Buxarestdə keçirilən konqresdə alman Fon der Leyeni Avropa Komissiyasının başçılığına ikinci mandat üçün namizəd kimi irəli sürən sağ mərkəzçi Avropa Xalq Partiyasını təmsil edən alman deputatıdır. Pieper baş məsləhətçi vəzifəsinə seçilib. Onun AK-nin kiçik və orta sahibkarlıq üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcəyi gözlənilir. Media Aİ təsisatlarında anonim mənbəyə istinadən xəbər verir ki, Çexiya və İsveçdən olan iki namizəd seçim zamanı Pieperdən daha yüksək qiymət alıb. İddia edilir ki, Ursula özü alman olduğuna görə alman Pieperə üstünlük verib. Maraqlısı odur ki, Ursula ilə bağlı ünvanlanmış məktubda Borrelin də imzası var. Çox güman ki, bu kampaniyanın arxasında Fransa-Almaniya rəqabəti dayanır. Çünki Ursula almandır. Makronun məqsədi odur ki, Ursula yenidən AK sədri olmasın. Bu kampaniya isə Aİ-nin dağılmasına səbəb ola bilər. Hətta bir müddət əvvəl mediada belə məlumat yayılmışdı ki, Ursulanın nənəsi, babası və digər yaxınları Hitlerin əlaltısı olub.
Bütün hallarda, Ursulaya qarşı Avropa mediasında bu yazılanlar nəyin göstəricisidir? Bu, ona qarşı bir kampaniyadır, yoxsa bunun arxasında digər məsələlər dayanır?
“Məqsəd Ursulanın önünü kəsmək və Fransanın maraqlarından çıxış edən birisini prezident seçməkdir”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov hesab edir ki, bütün izlər Fransanı göstərir: “Niyə? Birincisi, Fransa istəyir ki, Aİ-də tam hegemon olsun. Xüsusən də Böyük Britaniya 2016-cı ildə Aİ-ni tərk edəndən sonra Fransa özünü qurumda hegemon kimi aparmaq istəyir. Bunun qarşısını alan ölkə isə Almaniyadır. Çünki Almaniya Avroittifaqın iqtisadi baxımdan əsas ölkəsidir. Almaniyasız Aİ iqtisadi baxımdan qüdrətli ola bilməz. Nəinki iqtisadi, heç siyasi baxımdan da. Məsələ ondadır ki, Almaniyanın müstəqil mövqe ortaya qoyması Fransaya Aİ-dən öz məqsədləri üçün istifadə etməyə imkan vermir. Məsələn, Fransa istəyir ki, Aİ Ukraynada müharibəyə qoşulsun, ora birbaşa əsgər göndərsin. Ancaq Almaniya qəti şəkildə buna qarşı çıxır. Avropa Komissiyasına sədr seçkilərinə çox az müddətin qaldığı bir dövrdə bu kampaniyaların ard-arda baş verməsi təsadüfi deyil. Məqsəd Ursulanın önünü kəsmək və Fransanın maraqlarından çıxış edən birisini prezident seçməkdir. Borrel ona görə bu işdə fəaldır ki, o hər zaman Fransanın maraqlarına oynayıb. Təsadüfi deyil ki, Borrel həm də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Ona görə də bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir və bu qaralama kampaniyasının arxasında Makron hakimiyyəti dayanır”.
Vidadi ORDAHALLI