Makron Ermənistandakı Avromissiyanın üzərində daha çox "əsir" - niyə?
Samir Hümbətov: “Fransa bu cür addımları ilə əsl mahiyyətini ortaya qoymuş olur”
Fransanın Ermənistandakı səfiri Olivye Decotini və Fransa Milli Assambleyasının deputatları Sotk qızıl mədəninin yaxınlığında avropalı müşahidəçilərin fəaliyyəti ilə tanış olublar.
Müşahidəçilər missiyasının Facebook səhifəsində deyilir:
“Biz Fransanın Ermənistandakı səfiri Olivye Dekotinini və Fransa Milli Assambleyasının deputatlarını Martunidə qəbul etməkdən məmnun olduq. Biz Sotk qızıl mədəni ətrafında təhlükəsizlik sahəsində fəaliyyətimizi və inkişaflarımızı təqdim etdik”.
Görünən budur ki, Ermənistandakı Avropa Birliyinin mülki missiyasının üzvləri daha çox Fransadan gələn deputatlar və dövlət adamlarıdır. Fransanın bu missiyaya belə isti münasibət göstərməsinin səbəbi nə ilə bağlıdır?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa səfirinin Ermənistan -Azərbaycan şərti dövlət sərhədində yerləşdirilmiş Avropa mülki missiyasını ziyarət etməsi açıq şəkildə bu missiyanın arxasında hansı dövlətlərin dayandığının göstəricisidir: “İkincisi, Ermənistanla Azərbaycan arasında təxribatların olması hansı dövlətlərin marağındadır? Hesab edirəm ki, öncə Fransanın Ermənistanı silahlandırması, daha sonra isə mütəmadi Fransa deputatlarının, səfirinin və digər Avropa İttifaqı adından gələn, ancaq fransız əsilli olan şəxslərin bu missiya adı altında keçmiş hərbiçiləri ziyarət etməsi bir növ Fransanın imicini formalaşdırmaq məqsədi daşıyır. Digər tərəfdən də bölgədə gərginliyi mütəmadi saxlamaq istəyirlər. Bu iki hal səfərlərin arxasında duran əsas məqsəd hesab edilə bilər. Bunu Azərbaycan dövləti də, beynəlxalq ictimaiyyət də görür, bilir. Hesab edirəm ki, bölgədə gərginlik çıxacaqsa, onun birinci məsuliyyəti Ermənistanın, eyni zamanda Fransanın üzərinə düşəcək. Bu baxımdan da bu səfərləri biz beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Başqa yolu yoxdur. Onlar görməlidir ki, bölgədə sülhə təsir edən və onu təhdid edən əsas güclər kimlərdir. Fransa bu cür addımları ilə əsl mahiyyətini ortaya qoymuş olur”.
Aİ-nin Ermənistandakı mülki missiyası güya Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində 20 fevral 2023-cü ildə fəaliyyətə başlayıb və iki illik mandata malikdir. 2024-cü ilin yanvarında Aİ Şurası missiyanın sayını 50% artıraraq 209 nəfərə çatdırmaq qərarına gəlib.
2024-cü il martın 20-də Ermənistan parlamenti Aİ-nin Ermənistandakı missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Aİ-nin mülki missiyasının tərkibinin genişləndirilməsi bununla əsaslandırılır ki, bu, Ermənistan-Azərbaycan sərhədi boyunca missiyanın monitorinq imkanlarını artıracaq.
Məhəmmədəli QƏRİBLİ