Türkiyə Suriyada PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayır - Vaşinqton narahatdır...
Türkiyə və onun dəstəklədiyi Suriya Milli Ordusu (SMO) Ayn əl-Ərəbdə (Kobani) genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır. Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ-ın yüksək rütbəli məmurlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, Türkiyə və onun müttəfiqi olan hərbi qruplar Suriya sərhədi yaxınlığında hərbi qüvvə toplayırlar. ABŞ rəsmiləri bildirirlər ki, türk uniformalı komandolar və artilleriya birliklərindən, eləcə də SMO-nun əsgərlərindən ibarət bu qüvvələr Suriyanın şimal sərhədində, PKK/PYD-nin çoxluq təşkil etdiyi Kobani yaxınlığında cəmləşib. ABŞ rəsmilərindən biri Türkiyənin sərhədyanı əməliyyatının qaçılmaz ola biləcəyini deyib.
Bildirilir ki, Ankaranın Amerikanın Suriyada dəstəklədiyi PKK/PYD-nin əlində olan torpaqlara genişmiqyaslı hücumu hər an başlaya bilər.
Məqalədə dekabrın əvvəlində Bəşər Əsəd rejiminin devrilməsindən sonra başlayan hərbi hərəkətliliyin Türkiyənin 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatı öncəsi atdığı hərbi addımlara bənzədiyi bildirilib. Bir ABŞ rəsmisi isə bundan narahat olduqlarını dilə gətirib.
Vaşinqton ehtiyat edir ki, bu, Suriya kürdlərinin nəzarətində olan ərazilərə genişmiqyaslı hücumun başlanğıcı ola bilər.
TAHİR