Vladimir Putin - Rusiyaya verdikləri və Rusiyadan aldıqları...
Vladimir Putin... Dəqiq yadımdadır ki, 1999-cu ilin 31 dekabrında Boris Yeltsin xalqa müraciətindən sonra sarışın, bəstəboy Baş naziri kabinetinə dəvət edib hakimiyyətin açarını ona verdi. Həmin axşam Rusiya ilə yanaşı bütün bəşəriyyət Vladimir Putin adı ilə əməllicə tanış oldu.
Yadıma gəlir, artıq idarəolunmaz hala gələn Boris Yeltsin 1999-cu ilin son dekabr gecəsində kabinetini balacaboy Vladimir Putinə təhvil verəndə gözləri yaşarmışdı. Kremldə nostalji anlar yaşandı o məqamda. Yeni ili qarşılamaq üçün süfrə axasında “vodka”nı qucaqlayan ruslar, əsl şok yaşayırdı. İllərin araq düşkünü olan Boris Nikolayeviç sanki kabinetini deyil, axirət evini V.Putinə hədiyyə edirdi...
Çeçenistan müharibəsində əməllicə dağılıb bataqlıqda boğulan, əksər federasiya subyektlərində müstəqillik çağırışlarının hər gün baş qaldırdığı, dünya siyasətində Kremlin etibardan və nüfuzdan düşdüyü bir zamanda Rusiya üçün leninqradlı KQB generalı əsl xilas kimi görünürdü. ən əsas da böyük dövlətin ipini əməllicə çəkmək lazım idi və V.Putin bunu bacardı. Çeçen mücahidləri meşələrdən belə qovub çıxaran, özbaşınalıq və xaosa sürətli şəkildə son qoyan V.Putin, Rusiyada əvvəlcə dəmir idarəçilik, sonrakı illərdə isə hakimiyyət fironluğu yaratdı. Artıq 2000-ci illərin sonundan başlayaraq Rusiyada despot idarəçilik o həddə çatmışdı ki, hüquq ən sonda gəlirdi....
Ukrayna batağlığından salamat çıxıb yeni, modern Rusiya qurmaq leninqradlı çekistin işi deyil...
Kimdir V.Putin, hakimiyyətə gəldikdən sonra Rusiya üçün nə etdi, Rusiyanı və rusları hardan hara gətirdi?. Kremldə 25 ilə yaxınlaşan hakimiyyəti zamanı Rusiya balacaboy V.Putindən nə qazandı, nə itirdi?. Bu suallara cavab tapmaq üçün hazırkı Rusiyanın görkəminə nəzər salmaq kifayətdir məncə. V.Putin tarixi baxımdan xarizmatik liderdir, burası mübahisəsiz belədir. O, SSRİ-nin süqutundan sonra dünya siyasətində qapazaltı vəziyyətinə düşən Rusiyanın dünyadakı imicini özünə qaytaran və daha da gücləndirən şəxsdir. O, Çeçenistan müharibəsi zamanı dağılmaqda olan Rusiyanın ipini yığıb dövləti qorudu. O, Rusiyanı əyyaş B.Yeltsinin zamanındakı qapazaltı dövlət imicindən xilas edib, hazırda dünyada əsas güc sahiblərindən birinə çevirdi.
V.Putinin özü o dərəcədə gücləndi ki, hətdda ABŞ-dakı seçkilərə barmaq uzadacaq qədər güc nümayiş etdirdi. Bu, sözün əsl mənasında Rusiya üçün Putinin kimliyini göstərən tarixi pasportdur.Amma tarixi baxımdan ruslar daha V.Putinin despot idarəsi altında yaşaya bilmirlər. Rusiya cəmiyyəti sözün əsl mənasında despot idarəçiliyin yumruğu altında boğulur, vəssalam. Həm də indiki vaxtda Rusiya üçün yenilik etmək, Ukrayna batağlığından salamat çıxıb yeni, modern Rusiya qurmaq leninqradlı çekistin işi deyil. V.Putin həm də siyasi ierarxiyası və şəxsi hikkələri üçün Rusiyanı - iqtisadiyyatı, mədəniyyəti, zəngun rus ənənələrini qurban verdi...
Rusiyanı bürüyən cinayətkar məmur şəbəkəsi, iqtisadi böhran, sosial partlayış həddinə çatan ürəkağrıdan vəziyyət artıq V.Putinlə bu cür davam etmənin mümkün olmayacağının siqnalını verir. Bu il Rusiyanın özünü şoka salan “Vaqner” qiyamı, Yevgeni Priqojinin silahlı dəstələrinin Moskva yaxınlığına qədər irəliləməsi, Ukraynadakı əzablı müharibə gərginliyi, almanların Ukrayna uniforması altına Belqoroda qədər irəliləməsi Rusiyada V.Putin dönəminin finniş xəttinə yaxınlaşdığına işarədir. V.Putinin 25 ilə adlayan “dəmir yumruğu” ilə rusları bundan sonra da ovutmaq belə görünür ki, mümkünsüz məsələdir.
Bütün günü tutuquşu kimi V.Putini zəhlətökən şəkildə tərifləmək, ona yaltaqlanmaq üçün ən həyasız cildlərə girən Marqarita Simonyanlar, Vladimir Solovyovlar, onlardan geri qalmayan rusiyalı ekspert və analitiklər, Rusiya telekanallarının səhərdən axşama qədər Kreml sahibinə rus çarı kimi tərif yağdıran şablon “verilişləri” artıq rusların özlərinə belə çox iyrənc görünür. Bir zamanlar Dostoyevskinin, Puşkinin, Lermantovun əsərləri ilə qidalanan, bütün dünya ədəbi düşüncəsində hegemoniya yaradan Rusiya ədəbiyyatı artıq ancaq xatirələrdə yaşayır. Yoxdur artıq elit və intellektual Rusiya cəmiyyəti, getdi işinin dalınca. Rusiya cəmiyyəti, bu gün sərxoş, ac və ümidsiz insan toplumunun faciəsini, əvəzində bundan fərqli olaraq harınlamış cinayətkar məmur elitasının harınlığını izləyir, vəssalam!
V.Putin Rusiyanı faktiki dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdisə də, əvəzində düşünən rus ictimai fikrini, dərin köklərə sahib rus ədəbiyyatını, yüksək intellektual televiziya proqramlarını kökündən məhv etdi. V.Putin bununla həm də ilk növbədə Rusiyanın gələcəyini əlindən aldı! Rusiyanın Ukrayna böhranından hansı halda çıxacağı məlum deyil. Amma tək məlum olan odur ki, tükənən, yorulan və gələcəyə ümidi olmayan rus cəmiyyəti var ortada. V.Putin Rusiyadan hər şeyini aldı, kompassız gəmi dənizin ortasında necədirsə, ümidsiz rus cəmiyyəti də bu gün o durumdadır.V.Putinin Rusiyadan aldıqlarını geri qaytarması artıq mümkün deyil, - çünki qaytarılası heç nə qalmayıb...
Mətləb Salahov