İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...
Faiq Ələkbərli: “Molla rejiminin məqsədi Qaşqay türkləri ilə lorları bir-birinə qarşı qoymaq, etnik münaqişə yaratmaqdır”
İranda milli geyimləri və mədəniyyət nümunələri hökumət tərəfindən müsadirə olunan Qaşqay türkləri etiraza qalxıblar. Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İran hökumətinin Qaşqay türklərinin ənənəvi geyimlərinin və bəzi mədəniyyət nümunələrinin Lor etnik qrupunun adına qeydiyyata almaq qərarından sonra bir qrup Qaşqay türkü öz milli libaslarını geyinərək Şiraz əyalətinin Mədəni İrs İdarəsinin qarşısında etiraz aksiyası keçirib.
Narazı qaşqay türkləri "Qaşqayın libası qaşqayın olası" şüarı ilə çıxış ediblər. Hökumətin bu qərarı Qaşqay türklərinin kimiliyini təhdid etdiyi kimi, həm də Qaşqay türkləri ilə lor etnik qrupu arasında da əlaqələri zəiflədəcək.
Bu etiraz aksiyası bir çox ictimai və mədəni fəalların İran hökumətinin bu hərəkətini Qaşqay türklərinin milli kimliyinin boğulması və Lor tayfasından Tehran rejiminin türklərə qarşı məqsədlərinə alət kimi istifadə edilməsi yönündə atılan yeni addım kimi qiymətləndirdiyi bir vaxtda keçirilib. Azad İran Teleqram kanalı belə yazıb.
Qeyd edək ki, lorlar fars mənşəlidir və onların türklərlə genetik yaxınlığı yoxdur.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran adlanan hökumətin öz ömrünü uzatmaq üçün istifadə etdiyi amillərdən biri də milli münaqişələr yaratmaqdır. “İran adlanan ölkədə bir çox xalqlar yaşayır, amma mütləq çoxluğu türklər təşkil edir. Çox təəssüflər olsun ki, rejim orada yaşayan digər etnik qrupları türklərə qarşı qoyur və aralarında münaqişə yaranmasına çalışır. Qaşqay türkləri də mütəmadi olaraq belə hallarla üzləşir. Qaşqay türklərini zaman-zaman lorlara, farslara, kirmanlara qarşı qoyurlar. Ümumiyyətlə, bu rejim türklərin mədəniyyətinin, ənənəsinin, dəyərlərinin, dilinin əriyib itməsinə yönəlik siyasət yürüdür. Qaşqay türklərinin milli geyimlərinin lorların adına qeydiyyatdan keçirilməsi çox narahatlıq doğurur. Qaşqay türkləri öz mədəniyyətləri, öz zəngin folklorları, geyimləri, mətbəxləri və sairlə seçilir. Elə məsələlər var ki, o birbaşa onlarla bağlıdır.
Lorlar özləri də yaxşı bilirlər ki, onların adlarına qeydiyyatdan keçən libaslar Qaşqay türklərinin milli geyimləridir”.
F.Ələkbərli hesab edir ki, Qaşqay türklərinin Şirazın məlum idarəsi önündə etiraz aksiyası keçirməsi, öz ənənəvi geyimlərinin təcavüzdən xilas edilməsi üçün sərgilədikləri davranışlar öz nəticəsini verməlidir. “Qaşqay türkləri öz milli dəyərlərinin, milli geyim mədəniyyətlərinin başqa bir xalqa aid edilməsinə qarşı çıxır və özlərinin milli geyimlərini müdafiə edirlər. Molla rejimi də, lorlar da, başqa etnik qruplar da yaxşı bilirlər ki, bu geyimlər Qaşqay türklərinə məxsusdur. Molla rejiminin məqsədi Qaşqay türkləri ilə lorları bir-birinə qarşı qoymaq, etnik münaqişə yaratmaqdır”-deyə F.Ələkbərli bildirdi.
Xalqları, etnik qrupları üz-üzə qoymağın bütün imperiyaların əsas xüsusiyyətlərindən biri olduğunu deyən F.Ələkbərli bildirdi ki, onlar bu yolla öz hakimiyyətlərinin ömrünü uzatmaq istəyirlər. “Ümid edirik ki, lorlar bu oyuna gəlməyəcək və Qaşqay türklərinə aid milli geyimləri öz adlarına çıxmayacaq. Bir xalq başqa xalqın milli-mənəvi dəyərlərinə əl uzatmalı deyil. Əl uzatsa belə, heç zaman o dəyərlərə sahib ola bilməz, çünki onun milli xüsusiyyətlərini ifadə edən heç nə yoxdur.
İran adlanan molla rejiminin ömrü sona yaxınlaşır deyə, o da digər imperiyalar kimi, son çarəni etnik qruplar, xalqlar arasında münaqişə yaratmaqda, baş qatmaqda görür”.
Qaşqay türklərinin milli dəyərlərinin toxunulmaz olduğunu deyən F.Ələkbərli bildirdi ki, o geyimlər də onların ayrılmaz bir parçasıdır və bundan sonra da belə olacaq, heç kəs onların dəyərlərini mənimsəyə bilməz.
İradə SARIYEVA