Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...
Rizvan Fikrətoğlu: “Istənilən halda, şagirdlərin kompüterləşməsinə vəsait ayrılması təqdirəlayiqdir”
Məktəblərin kompüterlə təmin edilməsi davam edir. Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən 2025-ci ilin büdcə müzakirələri zamanı deyib ki, şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
O qeyd edib ki, məktəblərin yüksəksürətli şəbəkəyə qoşulması da əsas məsələlərdəndir. Bugünə qədər 1737 müəssisə yüksəksürətli internetə qoşulub.
Danılmaz faktdır ki, bu gün məktəblərdə internetə qoşulma, komputerlə tam təmin olunma əsas problemlərdən biri sayılır. Görəsən, bu məsələ necə həll olunmalıdır?
“Gəncləri texnoloji yeniliyə aid ixtisas seçiminə yönləndirdiyimiz vaxtda məktəblərin kompüterləşməsi mühum amildir”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan 30 ildən sonra işğal altında olan torpaqları azad edib. Qarabağda aparılan abadlıq işləri digər regionlara da təsirsiz ötüşmür. Bu hal təhsil sahəsində müşahidə olunur: "Qarabağ universiteti yaradılıb, işğaldan azad edilən ərazilərdə məktəblər açılıb. Digər məktəblər müasir dövrün tələblərinə uyğun şəkildə təmir olunub, infrastruktur yaxşılaşdırılıb. 2025-ci ilin dövlət büdcəsindən şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması gözlənilir. Bu da məktəblərin yüksəksürətli şəbəkəyə qoşulması üçün əsas məsələlərdən biridir. Məlumat üçün deyim ki, bugünə kimi 1737 müəssisə yüksəksürətli internetə qoşulub. Qoşulmama probleminə səbəb regionlarda internetin sürətinin zəif olması, kompeterlərin çatışmazlığı, infrastrukturun əlverişli olmamasıdır. Aidiyyəti qurumlar internetin sürətini artırmaqda maraqlı olmalıdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, elə məktəblər var, yetərli səviyyədə təmirli deyil. Məktəbin infrastruktur problemi olduğu üçün komputer heç yada belə düşmür. Istənilən halda, şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması böyük müsbətdir. Gəncləri texnoloji yeniliyə aid ixtisas seçiminə yönləndirdiyimiz vaxtda məktəblərin kompüterləşməsi mühüm amildir”.
Günel CƏLİLOVA