Azərbaycanda bu yeni açılan nə kilsədir?
Azərbaycanın paytaxtında azan səsi eşitməklə yanaşı, pravoslav və katoliklərin, yəhudilərin dini ayinlərinin də şahidi olmaq mümkündür. Şəhərin küçələrində isə müxtəlif dillərdə danışan insanlar görmək olar. Bu gün Azərbaycanda mövcud olan tolerant mühitə dünyanın çox az sayda ölkəsində rast gəlmək olar.
Bakının mərkəzində pravoslav, qriqorian kilsələri, sinaqoq, məscidlər işıqlıdırlar, necə deyərlər, “ayaqdadırlar”, onları ziyarət edirlər, insanlar rahat dini ayinlərini yerinə yetirir. Erməni kilsəsi sovet dövründən daha yaxşı vəziyyətdə fəaliyyətdədir. Yəni sadəcə “ayaqda” deyil, həm də fəaliyyətdədir. İstənilən qriqorian gedib ziyarət edə bilər...
Məlumat üçün bildirək ki, Azərbaycanda yeni kilsə qeydiyyata alınıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. Qeyd edilib ki, Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icması Komitədə rəsmi dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, Mormon cəmiyyəti ABŞ-da XIX əsrdə yaranıb. Həmin cəmiyyətin dini təliminin ənənəvi xristian (katolik və pravoslav) iman təlimi ilə ciddi fərqləri var.
Maraqlıdır, yeni qeydiyyata alınan kilsənin digərlərindən fərqi nədir?
Rafik Danakari: “Mormon kilsəsinin digər kilsələrdən əsasən ibadətlə bağlı fərqi var”
Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mormon kilsəsinin bizim kilsələrdən bir neçə fərqi var: “Əsasən, ibadətlə bağlı fərq var. Necə ki, protestant kilsəsi fərqlidir, yeni qeydiyyata alınan Mormon kilsəsi də öz cəhətlərinə, xüsusiyyətlərinə görə digərlərindən seçilir”.
Tural İrfan: “Bunlar öz əqidə prinsiplərinə, baxışına görə fərqlənir”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda dini tolerantlıq lazımi səviyyədədir: “Hansısa dini icma qeydiyyata alınırsa bunu aidiyyəti üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi analiz edir, qərar verir. Şübhəsiz ki, müxtəlif dini sektalar, təriqətlər, dinlər var. Bunlar öz əqidə prinsiplərinə, baxışına görə fərqlənir. Əgər hansısa özünü başqa din hesab edirsə, digərlərindən ayrıldığını, müstəqil cərəyan olduğunu bəyan edirsə onu başqa cür adlandırmaq üçün əsas lazımdır. Sözügedən kilsənin də bu qəbildən olduğu məlumdur. Başqa dinlərə münasibət qanun çərçivəsindədir və qeyri-ənənəvi, radikal etiqadı ehtiva edən cərəyanların qeydə alınmasına münasibət o qədər də müsbət deyil. Ümumiyyətlə, ölkəmizdə təməli, tarixi olmayan qeyri-ənənəvi din və təriqətlərin icma kimi qeydə alınmasına qarşıyam. Bəzən belələrini nəzarət və məsuliyyət baxımından rəsmiləşdirirlər”.
T.İrfan hesab edir ki, hər nə qədər tolerantlıq olsa da, çoxsaylı dini icmaların olması və bunların fərqli formada artması müsbət hal deyil. Hər bir halda parçalanma, ziddiyyət, cəmiyyətin bölünməsinə xidmət edir”.
Günel CƏLİLOVA