"Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir" - Abbas Abbasov
Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən səkkiz beynəlxalq konfrans keçirib və bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdən əziyyət çəkən yerlərin problemlərini işıqlandırmaqdır.
Trend-in məlumatına görə, bunu BTQ-nun icraçı direktoru Abbas Abbasov Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir. “Amma müəyyən müddət sonra bu ölkə həmin hüquqdan məhrum edilib. 2013-cü ildən indiyədək BMT Baş Assambleyası bu ölkənin müstəqilliyini əldə etməsi üçün qətnamələr qəbul etsə də, indiyədək heç bir nəticə yoxdur. İnanırıq ki, bu ölkə öz müstəqilliyini əldə edəcək”, - deyə A. Abbasov bildirib.
O vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarda sərgilədiyi mövqe, Qoşulmama Hərəkatına sədrliyi dekolonizasiya prosesi ilə mübarizəyə ən böyük töhfədir.
A.Abbasov bildirib ki, sonuncu Vyana konfransında BTQ və “Tavini Huiraatira” Partiyası arasında memorandum imzalanıb. “Bu memorandum təkcə iki təşkilatın siyasi müstəvidə deyil, səhiyyə və təhsil sahəsində də əməkdaşlığı ehtiva edən bir sənəddir. Əminəm ki, biz gələcəkdə də “Tavini Huiraatira” Partiyası ilə əməkdaşlığı davam etdirəcəyik. Hər il BMT dekolonizasiya ilə bağlı tədbirlər keçirir və Fransa hər il bu tədbirləri boykot edir”, - deyə o əlavə edib.