Paşinyan Kilsəni BİTİRİR
Hazırda Ermənistanda baş verənləri köhnəliklə yeniliyin mübarizəsi kimi də təqdim etmək olar. Bu, həm də uzun illər daşnakstyun faşist təbliğatı ilə zəhərlənmiş erməni cəmiyyətinin – yararsız hala salınmış düşüncəsiz kütlənin baş verənlər qarşısındakı xaotik çapalamasıdır. Məsələ burasındadır ki, erməni ictimai fikrində uzun illər hakim olmuş daşnakstyun ideologiyası artıq sürətlə əhəmiyyətini və təsirini itirir. Xüsusilə, 44 günlük zəfər müharibəsindən sonra erməni ictimaiyyəti sanki qəflət yuxusundan ayılırmış kimi baş verənlərin real mənzərəsi qarşısında gözləri bərələ qalıb. İllərdir Ermənistanı özünün qanlı qəfəsinə çevirən, anti-Azərbaycan və anti-Türkiyə tezisləri ilə erməni cəmiyyətini əlində oyuncağa çevirmiş “Qarabağ klanı” artıq erməni vətəndaşları tərəfindən açıq nifrətlə xarakterizə edilir. İnsanlar on illərdir onları “yuxuya” verən, Azərbaycanla müharibə eyforiyası altında özgə torpaqlarında onların övladlarını qanına qəltan edən, bu ölkənin büdcəsini talayaraq zəngin həyat sürən və sadə erməniləri dilənçi kökünə salan Serj Sarkisyanlara, robert koçaryanlara, həm də hazırkı erməni müxalifətindəki bu tipli tör-töküntülərə qulaq asmaq istəmir. Düzdür, erməni cəmiyyətində illərdir şüurları zəhərləyən daşnak ideologiyasına sarılan beş-üç nəfər tapa bilərsən. Necə ki, bu gün hansısa sarsaq bir keşişin arxasınca düşüb nə məqsədlə hara getdiklərini bilməyən bir ovuc kütlə var.
Amma düşünən cəmiyyət kəsimi bütün dünyanın dinməzcə qəbul etdiyi yeni reallıqda Ermənistanın yolu barədə düşünməyə başlayıb və hazırkı Nikol Paşinyan hakimiyyətinin bütün bu baş verənlərə rəğmən hakimiyyətdə qala bilməsi və ona olan ictimai dəstək də dediklərimizi vergül-nöqtəsinə qədər təsdiq edir.
Xüsusilə Azərbaycanın dörd kəndi qanuni və real sahibinə qaytarıldıqdan sonra əvvəlcə keşiş qarışıq keçmiş məmur qrupu qara-qışqırıq salmağa başladılar, bütün erməniləri baş meydana çağırıb “inqilabçı” Nikolu devirməyə səslədilər... amma heç nə də alınmadı. Sonra da daha ayıq və baş verənlərin fərqinə varan erməni seqmentindəki kütlə ortaya çıxdı. “Bu kəndlər heç vaxt erməni kəndi olmayıb”, “onlar Azərbaycan kəndləridir”, “biz onları qaytarmalı idik” deyənlərin səsləri eşidildi. Əslində, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb sonda rüsvayçı məğlubiyyət acısı dadan ermənilərin bu etirafları qanunauyğundur, gözləniləndir. Gec, ya tez başqasının torpağından rədd olub gedəcəksən, işğal xülyası ilə yaşamağın sonu belə acı reallıq olur. Ağıllı və hiyləgər ermənilər də bu cür düşünür artıq. Hazırda sosial şəbəkələrin erməni seqmentində sağlam düşüncəli insanların səsləri, təmkinli mühakimələri çoxalmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı arxiyepiskop Baqratın rəhbərlik etdiyi müxalif hərəkatının mitinqləri fonunda Erməni Apostol Kilsəsinin tarixən "təsir agenti" olduğunu bəyan edib. SİTAT: "Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə "təsir agenti"nə çevrilirdilər. Deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya biz bu məsələni həll edəcəyik", - o vurğulayıb.
Paşinyan bu məsələdə tam haqlıdır. Onun bu fikirləri həm də erməni kilsəsinin əsrlər boyu bölgədə insanlıq və sülh əleyhinə oynadığı mənfi rol barədə əla etirafdır. Ancaq diqqətlərdən yayınan daha bir tərəf də var – hakimiyyətin əsas konkurenti olan kilsə faktoru. Bəri başdan xatırladaq ki, Paşinyan elə hakimiyyətinin əvvəlindən kilsə ilə isti münasibətdə olmayıb və onun hakimiyyətə yiyələnməsindən sonrakı müddətdə ölkədə kilsənin maraqlarını əks etdirməyən bir sıra siyasətlərini həyata keçirməsi də buna sübutdur. Düzdür, müxalifətdə olarkən o dini ibadətgahları ziyarət edirdi, amma bu da siyasi maraqlardan yaranırdı. Ancaq indi elə deyil.
Vicdanlı və ya vicdansız bütün ermənilərə aydındır ki, erməni qriqorian kilsəsi uzun əsrlər boyu daşnak ideologiyasının hamiçisi olub, bütün işğal və qətliam siyasətini də açıq-aşkar təşkilatlandırıb. Müasir acınacaqlı Ermənistan tablosu birbaşa qriqorian kilsəsinin uzunmüddətli fəaliyyətinin nəticəsidir. Yəni, kilsə sadəcə dini təsisat deyil, ictimai, ideoloji, siyasi, hətta iqtisadi mərkəz rolunu oynayıb. Başqa sözlə, kilsə dövlətin funksiyalarını yerinə yetirdiyi üçün cəmiyyətdə aparıcı güc sayılıb. Güclü təşkilatlanmaya, intensiv təbliğata və dayanıqlı maliyyəyə malik qriqorian kilsəsi “böyük Ermənistan” ideyası naminə terrora belə əl atıb. On doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvəlləri və sonuncu iki Qarabağ müharibəsi belə nümunələrlə “zəngindir”. Erməni xalqı son iki əsrdə kilsənin girovuna çevrilib, başına gələn bütün fəlakətlər üçün din pərdəsi altında terror yuvasına çevrilmiş bu kilsə xadimlərinə “minnətdardır”. Ermənistanda baş verənlərin məntiqi izahı budur: N.Vavayeviç terror və güclü maliyyə rıçaqlarına sahib “Qarabağ klanı”nı olduğu kimi, elə tarix boyu Ermənistandakı terror siyasətinin himayəçisi olan “dindar” kilsə mafiyasını da BİTİRMƏYƏ qərar verib. Bacaracaqmı? Zamanı gözləyək...