Blinken Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk. Son 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı ilə bağlı qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq qurmuşuq. Bu sahələrdə, eləcə də, iqlim dəyişikliyi və "yaşıl" enerjiyə keçid kimi getdikcə daha böyük önəm kəsb edən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk.
Birləşmiş Ştatlar COP29-un Bakıda keçirilməsini alqışlayır və COP-un uğurunu, eləcə də, uşaqlarımız və nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyi təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa ümid edirik", - təbrikdə deyilir.
Blinken qeyd edib ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı sadiqliklə paralel davam edəcək.
"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz əvvəlki kimi, bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifə açmağa və daha yaxşı gələcək qurmağa hazırıq. Əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm", - təbrikdə deyilir.